"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan, respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi həkk olunan "Əsrin müqaviləsi"nin imzalanmasının 25 ili tamam olur.

Danılmaz həqiqətdir ki, neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında rolu əvəzsizdir. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyası ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik uzaqgörənliyi və qətiyyəti sayəsində işlənib hazırlanaraq 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı imzalanmış "Əsrin müqaviləsi" Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymaqla, Azərbaycanın yeni gənc müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləyib. Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış imkanı qazanmasında, Azərbaycan və qonşu dövlətlərin siyasi və iqtisadi həyatında dönüş nöqtəsinə çevrilib. Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulub.

Ulu Öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi yeni neft strategiyası Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının əsaslı şəkildə gücləndirilməsində, bütün həyati əhəmiyyətli sahələr üzrə dinamik inkişafı, beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirməsi, habelə milli təhlükəsizlik maraqlarının yüksək səviyyədə təmin edilməsində müstəsna rol oynayıb.

Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənilməsinə dair yeni müqavilələrin imzalanması və həyata keçirilməsi istiqamətində atılan konkret addımlar ölkəmizin iqtisadiyyatına yeni dirçəliş gətirib, bölgənin siyasi-coğrafi mənzərəsini dəyişdirərək respublikamızın lider mövqelərini daha da möhkəmləndirib.

Yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki özünün enerji müstəqilliyini təmin edib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından biri olub. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına, böyük enerji ixracatçısına çevrilən Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir. Təbii ki, respublikamızın geosiyasi mövqeyi ilə bağlı tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir.

İndiyədək "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə "Əsrin müqaviləsi"nin müddəti 2049-cu ilədək uzadılıb. Bu layihə sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə edib. AÇG üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib. Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılıb və bu həcmin 20,9 milyon tonu ixrac edilib. Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olub.

"Əsrin müqaviləsi"nin dövlətimizə və xalqımıza hansı faydalar verdiyini Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nitq və çıxışlarında dəfələrlə eşitmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik edib. Dövlətimiz "Böyük iyirmilər"in sammitlərinə dəvət alıb. Biz kosmosa öz peyklərimizi çıxarmışıq. Azərbaycan kosmik ölkələr ailəsinin üzvüdür. Bakı dünyanın bütün mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Respublikamızın paytaxtı ilə paralel olaraq bütün regionları bərabər şəkildə inkişaf edir. Ölkədə yoxsulluq və işsizlik səviyyəsi minimuma endirilib, milyondan artıq yeni iş yerləri yaradılıb. Prezident İlham Əliyevin dediyi kimi, bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir. Deməli, həmin uğurlar həm də 25 yaşını qeyd etdiyimiz "Əsrin müqaviləsi"nin nəticələridir.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)