Azərbaycan dinamik inkişaf edir

Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müstəqil dövlət kimi dünya xəritəsində özünəməxsus yeri vardır. Regional sabitlik və inkişaf amilinə çevrilən Azərbaycanın iqtisadi sahədəki uğurları, müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlər mərkəzinə və kosmos dövlətinə çevrilməsi, ordumuzun gücləndirilməsi və digər istiqamətlərdə qazanılan uğurlar qürur hissi ilə qarşılanır. Bütün bu uğurların fonunda Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib, dövlətçiliyi sarsılmaz olub.

Möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqlara əsaslanan güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb. Dövlətimizin başçısının rəhbərliyi altında iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, dünyanın bir çox yerlərində ciddi iqtisadi, siyasi, humanitar böhranlar, silahlı qarşıdurmalar baş verdiyi halda, Azərbaycan bütün sahələr üzrə davamlı inkişafa nail olub, xalqımızın rifahı yüksəlib, intellektual kapitalımız güclənib.

Azərbaycanın tək regionda deyil, qlobal miqyasda belə hər məsələ ilə bağlı öz sözü, öz yanaşması vardır. Kimsə ölkəmizi müstəqil mövqeyindən, müstəqil siyasətindən çəkindirmək iqtidarında deyil. Dünya ölkələri Azərbaycanı etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi, sabitlik adası olan bir ölkə kimi görür, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Təsadüfi deyildir ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi qəbul olunur.

Həyata keçirilən qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları ölkəmizin tərəqqisinə xidmət etməklə yanaşı Azərbaycanı bölgədə lider dövlətə, beynəlxalq aləmdə nüfuz sahibinə çevirib. Ümumi inkişafda yeni keyfiyyət mərhələsinə yüksələn Azərbaycanda sürətli iqtisadi inkişaf tempinin davam etdirilməsi, qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün nəzərdə tutulan vəzifələrin layiqincə yerinə yetirilməsi, iqtisadi artımın davamlılığına nail olunması, əldə edilən inkişaf sürəti ölkəmizin iqtisadi göstəricilərinin mütləq ifadədə xeyli artmasına gətirib çıxarıb. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir.

Ölkəmizin sosial-iqtisadi sahədə nümayiş etdirdiyi dinamik inkişaf tempinə beynəlxalq maraq böyükdür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Dünya Bankının "Doing Business" proqramı çərçivəsində 10 ən islahatçı ölkə kimi tanınan Azərbaycan dünyanın bir çox dövlətlərini geridə qoymaqla yanaşı, MDB ölkələri arasında lider mövqeyindədir.

Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlərin yaradılması, sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirləri, sənaye parkları və məhəllələrin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili və mövcud aqroparkların genişləndirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın bölgələrində yeni, müasir tələblər baxımından bütün standartlara cavab verən infrastruktur yaradılıb. Məhz belə əlverişli mühitin yaradılması nəticəsində həm xarici, həm də daxili investisiyaları cəlb etmək və ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək mümkün olub. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin yaradılması, regionların inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir.

Ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin iqtisadi potensialı nəzərəçarpacaq dərəcədə möhkəmləndirilib, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, yoxsulluq problemlərinin həlli yönümündə olduqca ciddi tədbirlər həyata keçirilib, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib, əmək haqqı və pensiyalar dəfələrlə artırılıb. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşının firavan həyat tərzinin təminatına xidmət edir.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)