Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir

Bu gün Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Ölkəmiz sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir.Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlətimizin başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunması ilə səciyyələnir.

Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial-iqtisadi siyasətin başlıca məqsədlərindəndir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı bu ilin əvvəlində çox böyük sosial paketin təsdiqləndiyini və bu sosial təşəbbüslərin 4 milyondan çox insanı əhatə etdiyini xatırladıb: "Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir".

Azərbaycanın davamlı inkişafı və iqtisadi dayanıqlılığında sözsüz ki, siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır. Hazırda respublikamızın hər yerində, bütün regionlarında geniş və hərtərəfli işlər gedir. Dövlətin iqtisadi baxımdan güclü olması üçün onun bütün bölgələrində mövcud potensialın aşkara çıxarılaraq dövriyyəyə qoşulması həlledici əhəmiyyətə malikdir. Məhz dövlətimizin başçısının regionlara sistemli və davamlı xarakter alan bu səfərləri bölgələrimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.

Dövlətimizin başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib və bütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olub. Uğurla həyata keçirilən dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. 

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer" zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır".

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Təkcə bu faktın özü ölkəmizdə həyata keçirilən strateji xəttin nə qədər uğurlu olmasından, siyasi, iqtisadi və sosial sahələrdə aparılan olduqca dinamik, fəal, operativ islahatların məqsədyönlülüyündən xəbər verir. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, onun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Əhalinin gəlirləri 6,6 faiz artıb.

Azərbaycanın hər bir bölgəsində sənayenin inkişafına, xüsusilə qeyri-neft sənayesinin inkişafına göstərilən dövlət qayğısı hesabına yeni-yeni sənaye zonalarının, sənaye parklarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Qeyri-neft sektorunun inkişafına təkan verən digər amil isə sahibkarlığın inkişafı ilə bağlıdır. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin getdikcə artırılması ölkədə sahibkarlığın sürətli inkişafına səbəb olmuşdur. Sahibkarlara dövlət tərəfindən bir sıra güzəştlərin edilməsi, müəyyən subsidiyaların, güzəştli şərtlərlə kreditlərin verilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən mühüm işlərdəndir.

Hazırda regionlarda əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri uğurla davam etdirilir. Regionların sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Bu gün elə bir bölgə, elə bir şəhər tapmaq olmaz ki, orada yenidənqurma, tikinti-abadlıq işləri aparılmasın, iqtisadiyyatın mühüm sahələri inkişaf etməmiş qalsın. Hər il dövlət büdcəsindən regionların inkişafı üçün lazımi miqdarda vəsait ayrılır. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və s. sahələrdə tərəqqi göz önündədir. Turizm sektoru bu fonda regionlarda da dinamik inkişaf edir, yeni müvafiq obyektlər yaradılır.

Dövlətimizin başçısı bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının qəbul edildiyini xatırladaraq vurğulayıb ki, bu, çox genişmiqyaslı proqramdır: "Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq".

Qeyri-neft sektorunun inkişafına səbəb olan amillərdən biri də kənd təsərrüfatının davamlı inkişafıdır. Həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur.

Bu gün Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının ən mühüm sahələrindən olan kənd təsərrüfatının potensialının tam reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən olan ərzaq təhlükəsizliyi ölkəmizdə uğurla həll olunur.

Azərbaycanda aqrar sahənin müasir tələblər səviyyəsində formalaşması və inkişafı, kənd təsərrüfatı ilə məşğul olan sahibkar, fermer və əməkçilərin lazımi texnika ilə təchizatında mühüm işlər görülür. Həyata keçirilən bütün layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində ciddi addımlar atılr. Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım müşahidə olunmuşdur. Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir.

Sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Azərbaycanın dayanıqlı inkişaf yolu ilə getdiyini və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını qeyd edən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirib.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)