Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədilə növbəti sosial paketi təsdiq etdi. Bu, həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə iyunun 18-də imzaladığı sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

İyunun 18-də imzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.

Dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu sərəncamlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İmzalanmış sərəncamlar:

- minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;

- dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;

- hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını;

- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;

- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

Cari ilin əvvəlindən etibarən qəbul edilmiş bu kimi qərarlar qlobal iqtisadiyyatda baş verən mənfi meyillərin ölkə əhalisinin sosial təminatına təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırkı sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq.

Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığın daha da yüksəlməsinə öz töhfəsini verəcək.

İqtisadi sahədə əldə edilmiş böyük uğurların sosial sferaya transformasiyası dövlətimizin başçısının bəyan etdiyi sosial-iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb. Büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb.

Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət–vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir.

Göründüyü kimi, dövlətimizin başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə, əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir. Bir sözlə, Prezident İlham Əliyev "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisini bir daha təsdiq etdi.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)