15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun tarixidir. Milli Qurtuluş Günü kimi tariximizə qızıl hərflərlə yazılan bu gün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan dahi bir insan - Heydər Əlirza oğlu Əliyevdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, atəşkəsə nail olunub.

Ümummilli lider Heydər Əliyevin qayıdışı və müdrikliyi ilə 1993-cü ilin ortalarından Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Ölkəmiz hər şeydən əvvəl vətəndaş müharibəsi təhlükəsindən, parçalanmadan və beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Böyük zəhmət, gərgin fəaliyyət sayəsində başa gələn daxili içtimai-siyasi sabitlik, sosial inkişaf və nəhayət, olduqca böyük iqtisadi tərəqqi məhz ümumilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində baş tutdu və bu gün respublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dünyanın bir çox iri və inkişaf etmiş dövlətlərindən də öndədir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Aparılan daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.

Ulu Öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Ümummilli Liderin atdığı bütün addımlar Azərbaycanı böhrandan inkişafa, xaoslu tənəzzüldən stabil intibaha apardı. Vaxtilə Ulu Öndərin hakimiyyətə yenidən qayıdışını, xalqın tələbini birmənalı qarşılamayanlar, hətta bu tarixi missiyaya mane olmağa çalışanlara tarix Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü sübut etdi. Onu ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi, Azərbaycan tarixində silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi tanıtdı. Çünki Ulu Öndər Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırladı, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verdi.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəldi.

Ümummilli lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elmi yenidən dirçəliş yoluna qədəm qoydu. Naxçıvandan Bakıya dönən Heydər Əliyevin ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməsi də təsadüfi deyildi. Bununla dövlətçilik ənənələrini sistemli şəkildə davam etdirən görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən respublika ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi.

Ulu öndər Heydər Əliyevin "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir" fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli gəlib. Hər bir ölkəni inkişafa aparan əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu.

"Azərbaycan dünyaya günəş kimi doğacaq" söyləyən Ulu Öndərin xidmətləri sayəsində bu gün Azərbaycan həqiqətən dünya birliyində öz nüfuzu, mövqeyi, qazandığı uğurları ilə yüksək pillələrdə yer alır. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam". Dahi Şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə bu amalına nail oldu - Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti və əzmkarlığı sayəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan müstəqil ölkə kimi dünyanın qabaqcıl dövlətlərinin sırasındadır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevin əlindədir.

Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə  misli görünməmiş sosial-iqtisadi inkişafa nail olan, regionda lider ölkə statusunu qazanan, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlət kimi tanınır.                 Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.

Bu gün ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir.

Bü gün çağdaş Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura inamlı addımlar atır. Xalqımız Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçıları Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir

Hikmət Xudiyev,

Əməkdar jurnalist

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)