Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti profilaktik tədbirlərin sayını artırıb

Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti son illər su hövzələrində baş verə biləcək fövqəladə hal və ya hadisə ilə bağlı təhlükəsizlik tədbirlərinin miqyasını genişləndirməkdədir. Təbii olaraq su hövzələri yayda insanların istirahətini, sərinliyini və günəş şüalarını qəbul etməsi üçün ideal istirahət məkanı hesab edilir. Adətən suda bədbəxt hadisələrə çimərlik mövsümündə, qızmar yay günlərində sərinləmək üçün su hövzələrində istirahət etmək istəyən insanların sayının çoxaldığı vaxtlarda rast gəlmək olur. Bu kimi hadisələrin əsas səbəbi isə, havalar istiləşdikcə kütləvi şəkildə dəniz sahillərinə, çimərliklərə üz tutan bəzi vətəndaşların kortəbii şəkildə harada gəldi suya daxil olmaları və təhlükəsizlik qaydalarına əməl etməmələri ilə bağlıdır.

Nəzərə alsaq ki, ilbəil istirahət məqsədi ilə dəniz sahillərinə üz tutan vətəndaşların sayı xeyli dərəcədə artır, onda bu istiqamətdə təhlükəsizlik tədbirlərinin də gücləndirilməsinə təbii olaraq ehtiyac artmaqdadır. Çimərliklərə üz tutan insanların sayının artmasını isə ölkəmizin sosial-iqtisadi inkişafı ilə izah etmək olar. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bütün bunları nəzərə alaraq, bu sahəyə diqqətini artırmış və vətəndaşların çimərliklərdə, su hövzələrində təhlükəsizliyini təmin etmək üçün imkanlarını genişləndirmişdir.

Qeyd edək ki, hər il olduğu kimi bu il də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının su hövzələrindəki çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin qarantı olaraq qalır. Nazırliyin bu qurumu vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulan tələb və tapşırıqları tabeliyindəki 43 yerli struktur bölməsi vasitəsi ilə ən müasir və dünya standartlarına uyğun texnika və avadanlıqlarla həyata keçirir. Bu avadanlıqlar insan həyatının xilas olunması üçün xilasedicilərə maksimum imkanlar yaradır və aparılan xilasetmə xidmətinin səviyyəsini artırmağa imkan verir.

Xidmətin yerli struktur bölmələri günün 24 saatı növbətçilik sistemi ilə su hövzələrinin yaxınlığında fəaliyyət göstərir və sularda baş verə biləcək hər hansı hadisəyə operativ müdaxilə göstərmək üçün texniki avadanlıqlarla bərabər daimi hazır vəziyyətdə xidmət aparırlar. Xidmətin xilasetmə məntəqələri ilə yanaşı dalğıc-axtarış qrupları da sutka ərzində fəaliyyət göstərirlər. Dalğıc-axtarış qrupları respublikanın bütün bölgələrində, Xəzər dənizinin Azərbaycana aid sahil zolağından tutmuş ən ucqar dağ çaylarınadək suda boğulma hadisəsi baş verdikdə axtarış-xilasetmə işlərini həyata keçirir.

Xidmətin dalğıc-axtarış qrupları coğrafi cəhətdən elə yerləşdirilmişdir ki, ölkənin istənilən bölgəsində baş vermiş suda boğulma hadisəsinə operativ olaraq müdaxilə etsin və suda axtarış-xilasetmə işlərini qüsursuz olaraq həyata keçirsinlər. Dalğıc-axtarış qruplarında yüksək peşəkarlığa malik dalğıclar və xilasedicilər cəmləşdirilmişdir. Onlar sualtı əməliyyat və axtarış-xilasetmə işləri sahəsində ixtisaslaşmış və mütəmadi olaraq təcrübi bilik və bacarıqlara yiyələnmişlər. Nəzərə alsaq ki, suda boğulanların əksər hissəsi çimərlik üçün nəzərdə tutulmamış ərazilərdə, göllərdə, su kanallarında, çaylarda və sair yerlərdə baş verir, o zaman orada axtarış işləri aparan dalğıc və xilasedicilərin işinin çətinliyini və məsuliyyətini başa düşmək olar.

Onu da deyək ki, xilasetmə fəaliyyəti təkcə suda boğulanı xilas etməkdən ibarət deyil, eyni zamanda təhlükə vəziyyəti yaranmazdan əvvəl onun qarşısının alınması və əvvəlcədən hadisə ilə bağlı məlumatların ötürülməsi hesab edilə bilər. Məhz buna görə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları il ərzində insanların sularda təhlükəsizliyinin təmin edilməsi üçün respublikanın rayon və şəhərlərində vətəndaşlarla görüşlər keçirir, sularda təhlükəsizlik və davranış qaydaları izah edilir.

Bununla yanaşı təkcə çimərliklər deyil, digər su hövzələrində də insanların təhlükəsizliyini təmin etmək üçün yerli icra və bələdiyyə orqanları ilə də görüşlər keçirilir, təhlükəli su mənbələrinin və çimərlik üçün yararsız sahil zolağının nəzarətə götürülməsi üçün qadağanedici nişanların yerləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzləri ilə birlikdə Xidmət əməkdaşları Bakının, eləcə də ölkənin bir neçə şəhər və rayonlarında yerləşən çimərliklərin vəziyyətini öyrənmək məqsədi ilə yerli icra orqanlarının və bələdiyyə nümayəndələrinin iştirakı ilə monitorinqlər keçiriblər. Keçirilmiş monitorinqlər zamanı aşkar olunmuş çatışmazlıqlar və nöqsanlar yerli icra orqanları və bələdiyyələrin nəzərinə çatdırılıb, çimərlik mövsümünün başlamasına qədər aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün onlara tövsiyələr verilib.

Ötən illərin statistikasına nəzər yetirsək görərik ki, su hövzələrində boğulanların əksəriyyəti yeniyetmə-gənclər və məktəbyaşlı uşaqlardır. İlk növbədə unutmaq olmaz ki, uşaq və yeniyetmələrin çimərliyə valideynsiz gəlmələri və ya suya nəzarətsiz daxil olmaları ilkin təhlükə yaradan amildir. Eyni zamanda uşaqların çimərlik ərazisində qoyulan tələblərə, qaydalara əməl etməmələri həm onların, həm də digər istirahət edən vətəndaşların həyatını təhlükə qarşısında qoyur. Çimərlikdə fəaliyyət göstərən xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayan uşaqlar həm də onların fikirlərini cəlb etməklə görüləcək təhlükəsizlik tədbirlərinin keyfiyyətini aşağı salır. Təəssüflər olsun ki, bəzən uşaqları ilə çimərliyə gələn valideynlər sonradan öz istirahətlərinə aludə olub uşaqları unudurlar. Çimərlik ərazisində spirtli içki qəbul edən və ya sərxoş vəziyyətdə çimərliyə gələn insanları da real təhlükə mənbəyi hesab etmək olar.

Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi" barədə qərarı su hövzələrində istirahət və istifadə qaydalarının hüquqi bazasını təşkil edir. Su hövzələrində, çimərliklərdə vətəndaşların təhlükəsizliyi üçün nəzərdə tutulan qaydalar və qadağalar bu qanunda öz əksini tapmışdır.

Qanunvericiliyin tələblərinə görə çimərlikdə aşağıda göstərilən hallar qadağan edilir:

- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- Küləkli havada dənizə girmək;

- Çimərlikdə gecələmək;

- Fırtınanın yaxınlaşması, küləyin 5 bala, dalğalanmanın isə 3 bala qədər artması xəbərdarlığından sonra çimərlikdə qalmaq;

- Spirtli içki qəbul edib dənizə girmək;

- Suda kobud hərəkətlər etmək;

- Çimərlik ərazisini məişət və digər tullantılarla zibilləmək;

- Çimərlikdə balıq tutmaq;

- Çimərlik ərazisinə kiçikhəcmli gəmilərlə daxil olmaq;

- Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;

- Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və buyların üstünə çıxmaq;

Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Xilasedicilərin cağırış və tələblərinə əməl edilməli, günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmamalı və xəbərdaredici lövhələrin tələblərinə əməl olunmalıdır. Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir.

Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

Xilasetmə Dövlət Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsi  

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)