Heydər Əliyev: böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olub.

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

İstər 1969-1982-ci illərdə, istərsə də ikinci dəfə müstəqillyimizə qovuşduğumuz dövrdə Azərbaycanın yanğın təhlükəsizliyi qurumları da Ulu Öndərimizin qayğısı ilə inkişaf edib. 1970-ci illərdə Azərbaycanın yanğından mühafizə orqanlarının da kadr bazasının möhkəmləndirilməsi, milli kadrlarla təmin edilməsi istiqamətində təqdirəlayiq işlər görüldü. 1970-ci ilə qədər SSRİ-nin müxtəlif şəhərlərində yanğından mühafizə orqanları üçün mütəxəssislər hazırlayan xüsusi məktəblərdə azərbaycanlılar məhdud sayda təhsil alırdılarsa, Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə bu sahədə mənzərə tamamilə dəyişdi. Azərbaycanın yanğın təhlükəsizliyi orqanlarında əvvəlki illərdən fərqli olaraq məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə respublikamızın yanğından mühafizə sisteminə milli kadrlar rəhbərlik etdi, yerli strukturlarda azərbaycanlılar rəhbər vəzifələrə irəli çəkildi.

Nefti milli sərvətimiz adlandıran Heydər Əliyev Azərbaycana birinci rəhbərlik dövrünün ilk illərindən bu mühüm strateji sahənin inkişafı qayğısına qalır, Azərbaycan rəhbəri neft sənayesinin yanğın təhlükəsizliyini də diqqət mərkəzində saxlayır, bu sahədə baş verən yanğın hadisələrini izləyir, onların başvermə səbəblərini təhlil edirək yanğınların qarşısının alınması ilə bağlı dəyərli təkliflər verir, əməli köməkliklər göstərirdi.

1971-ci il oktyabrın 20-də indiki "Azərneftyanacaq" İstehsalat Birliyinin 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın zamanı Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev də hadisə yerinə gəldi, ən çətin şəraitdə, ən ekstremal vəziyyətlərdə ən düzgün çıxış yolunu tapmaq, zəruri qüvvələrin müəyyənləşdirilərək problemin həllinə cəlb etmək, təəccüb doğuran yüksək təşkilatçılığı ilə çoxlarının görə bilmədiyi imkanları da səfərbər etmək qabiliyyəti dəhşətli bir yanğın hadisəsinin qarşısının alınmasında yanğınsöndürənlərin köməyinə çatdı.

Bu yanğın hadisəsi neftayırma sənayesində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını, texnoloji proseslərdə ən cüzi pozuntulara belə yol verilməməsinin zəruriliyini ön plana çəkdi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev müxtəlif müşavirələrdə dəfələrlə bu hadisəyə münasibətini bildirərək hər bir sahədə, xüsusən də neftayırma sənayesində yanğın təhlükəsizliyi qaydalarına son dərəcə məsuliyyətlə riayət olunmasını vurğulayaraq, bu sahədə proqram xarakterli dəyərli tövsiyələrini verdi.

Heydər Əliyevin ölkəmizdə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan hökuməti respublikada yanğın təhlükəsizliyinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul etdi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ilin mart ayında respublika Nazirlər Sovetinin nəzdində yanğın-texniki komissiya yaradıldı. Bu komissiya yanğın təhlükəsizliyi məsələlərinin kompleks həlli sahəsində sənaye müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsində, yanğından mühafizə işinin təşkilinin yaxşılaşdırılmasında, yanğına qarşı texnikanın yeni, daha səmərəli vasitələrinin sənaye müəssisələrinin yanğından mühafizə təcrübəsinə tətbiq olunmasında, yanğın təhlükəsizliyi qaydalarının kütləvi təbliğ olunmasında mühüm rol oynadı.1980-ci ilin yekunlarına görə Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsi SSRİ-nin müttəfiq respublikaları arasında keçirilmiş yarışda ikinci, 1981 və 1982-ci illərdə isə birinci yerə çıxaraq SSRİ Daxili İşlər Nazirliyi və Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin keçici Qırmızı Bayrağına layiq görüldü.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə respublikamızın yanğından mühafizə orqanlarının, onun əməkdaşlarının çətin və şərəfli peşə sahiblərinin xidmətləri daima yüksək qiymətləndirilirdi.

Heydər Əliyev Moskvada rəhbər vəzifələr tutduğu illərdə də ölkəmizdə yanğın təhlükəsizliyinin etibarlı təmin olunmasına qayğısını əsirgəmirdi. Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərini yanğın təhlükəsizliyini təmin edən DİN Yanğından Mühafizə İdarəsinin Dəniz Dəstəsinin istismar müddətini bitirmiş yanğın gəmilərinin yeniləri ilə əvəz olunması məsələsi məhz Heydər Əliyevin SSRİ-nin ali hakimiyyət orqanlarındakı nüfuzu sayəsində həll olundu. Ümummilli Liderimizin qayğısı sayəsində Polşada istehsal olunmuş 9 ədəd "Vixr" tipli yanğınsöndürmə gəmisi Azərbaycana gətirildi.

Müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı yanğın təhlükəsizliyi sistemində də dönüş mərhələsinin, inkişafa doğru irəliləyişin başlanğıcını qoydu. Məhz Ümummilli Liderimizin təhsilimizə qayğıları nəticəsində Azərbaycanın yanğın təhlükəsizliyi xidməti milli kadrların hazırlanması probleminin həllinə nail oldu. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-nin Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə xüsusi orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbi yaradıldı. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin hüquqi təminatı siyasətinin məntiqi nəticəsi və tərkib hissəsi olaraq ölkəmizin yanğın təhlükəsizliyi xidməti öz fəaliyyətini tənzimləyən hüquqi bazaya malik oldu. Beləliklə, müstəqil Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin hüquqi əsasları müəyyən edildi.

Heydər Əliyevin Azərbaycanın yanğın təhlükəsizliyi xidmətinə, onun çoxsaylı əməkdaşlarına olan qayğısı, etimadı və ehtiramı sayəsində 2002-ci il oktyabrın 5-də Ümummilli Liderimiz tərəfindən imzalanmış sərəncamla 10 oktyabr Yanğınsöndürənlərinin peşə bayramı günü kimi təsis edildi.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını təmin edən qurumun - Fövqəladə Hallar Nazirliyinin yaradılmasını vacib sayırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması və həmin sərəncama əsasən DİN-in tərkibində fəaliyyət göstərən yanğın təhlükəsizliyi qurumlarının yeni yaradılmış nazirliyin tabeçiliyinə verilməsi ümummilli liderimiz Heydər Əliyevin arzularını gerçəkləşdirdi.

Bu gün yanğın təhlükəsizliyi qurumları Fövqəladə Hallar Nazirliyinin tərkibində yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayaraq sözün həqiqi mənasında insanların təhlükəsiz yaşaması, işləməsi və istirahət etməsi üçün öz vəzifə borclarını layiqincə yerinə yetirirlər. Son illərdə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin, həmçinin FHN-in diqqət və qayğısının məntiqi nəticəsi olaraq yanğın təhlükəsizliyi qurumlarının hüquqi, maddi-texniki bazası möhkəmləndirilib və təkmilləşdirilib, yanğın avtomobilləri parkı müasir texnologiyaya cavab verən texnika və avadanlıqlarla təchiz edilib. Çox qısa müddət ərzində Avropanın müxtəlif ölkələrindən ən müasir yanğın avtomobilləri ölkəmizə gətirilib, Dövlət Yanğından Mühafizə Xidmətində rabitə sistemi ən müasir rabitə vasitələri, kompyuter avadanlıqları, digər texniki vasitələrlə təmin olunub. Şəhər və rayonlarımızda yanğından mühafizə qurumları üçün yeni binalar inşa edilib. Tarixi gerçəklik naminə qeyd olunmalıdır ki, son illərdə yanğın təhlükəsizliyi qurumlarının siması onilliklərlə hesablanan zamanda görüləcək işlər səviyyəsində dəyişib. Bütün bunlar isə bilavasitə əhalinin yanğın təhlükəsizliyinin təmin olunmasına daim diqqət və qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirmək, onun işıqlı ideyalarını həyata keçirmək, arzularını reallaşdırmaq, əməllərini yaşatmaq deməkdir.

Hikmət Xudiyev,

FHN DYMX-nin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi daxili xidmət

polkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)