Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dahi öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə, nazirliyin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül-çiçək dəstələri qoyublar.

Sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adının tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdıraraq, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün dövlətçilik tariximizin ən şanlı səhifələrindən olduğunu deyib. Nazir bildirib ki, hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə Dahi Öndər xalqımızın mənafeyini hər şeydən yüksək tutub, respublikamızın çiçəklənməsi üçün mütərəqqi addımlar ataraq böyük uzaqgörənlik və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi xaos, anarxiya və özbaşınalıqdan xilas edib. K.Heydərov deyib ki, Azərbaycanı qardaş qırğını və məhv olmaq təhlükəsindən qoruyan, dövlətçilik ənənələrini bərqərar edən Ulu Öndərin müdrik uzaqgörənlik və qətiyyətlə müəyyən etdiyi mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə davamlı və sürətli inkişaf yoluna çıxdı. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası Azərbaycanın bu gün dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməsinə şərait yaradıb.

Nazir vurğulayıb ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, regionun liderinə çevrilmiş ölkəmiz dünya birliyinin layiqli üzvü kimi regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılmasına əvəzedilməz töhfələr verir. Ölkə başçısının müdrik uzaqgörənliklə atdığı addımlar, bilavasitə təşəbbüsü ilə həyata keçirilən tədbirlər, reallaşdırılan mütərəqqi islahatlar sayəsində ölkəmiz durmadan inkişaf edir, qlobal təlatümlərdən uğurla yan keçir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs edib. O, bildirib ki, Heydər Əliyev zamana qalib gəlməyi bacaran dahi və nadir şəxsiyyətlərdəndir. Qəlbi hər zaman Azərbaycanla döyünən Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində xalqımızın yüksək rifahı, işıqlı gələcəyi, inkişafı naminə var gücü ilə çalışıb. Qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq Ulu Öndərin müəyyən etdiyi mütərəqqi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün mürəkkəb geostrateji məkanda yerləşməyinə baxmayaraq, öz yüksək inkişaf templərini qoruyur. Sabitlik, əmin-amanlıq, davamlı inkişafın bərqərar olduğu ölkəmizdə əldə olunan bütün uğurların əsası olan bu siyasi kurs möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilir. Ölkəmizin son illər əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Ulu Öndərin şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir.

Tədbirdə yekun nitqi ilə çıxış edən nazir K.Heydərov qeyd edib ki, bu gün həm də Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi tamam olur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında uğurla fəaliyyət göstərən Heydər Əliyev Fondu ötən dövrdə Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Müxtəlif problemlərin, o cümlədən baş vermiş ayrı-ayrı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında, çıxılmaz vəziyyətə düşmüş insanlara hərtərəfli yardımların göstərilməsində və s. istiqamətlərdə gördüyü çoxşaxəli fəaliyyəti sayəsində bu gün Heydər Əliyev Fondu xalqın dərin sevgisini qazanıb. Nazir nümunə olaraq bu ilin fevral ayının 5-də və 6-da baş vermiş zəlzələ nəticəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında zərər çəkmiş evlərin və sosial təyinatlı obyektlərin tikinti və bərpası ilə bağlı Fondun gördüyü böyük işləri qeyd edib. O, bütün qeyd olunanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Fövqəladə Hallar Nazirliyinin kollektivi adından dərin təşəkkürünü bildirib.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)