1 mart Ümumdünya Mülki Müdafiə Günüdür
Bu il Ümumdünya Mülki Müdafiə Günü "Uşaqların təhlükəsizliyi-bizim məsuliyyətimizdir" mövzusuna həsr olunub

Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv seçildikdən sonra bu təşkilatla sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Əməkdaşlığın əsasını mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində qurumlararası koordinasiyanın təşkili, fövqəladə halların qarşısının alınması, risklərin idarə edilməsi, irimiqyaslı fövqəladə hallar zamanı zərərçəkmiş əhalinin həyat təminatının təşkili, beynəlxalq humanitar yardımların idarə olunması və digər məsələlər təşkil edir.

Ümumdünya Mülki Müdafiə Gününün keçirilməsi ərəfəsində mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu tədbirlər zamanı əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, insanlara mülki müdafiə bilikləri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.

Bu baxımdan, Beynəlxalq Mülki Müdafiə Təşkilatı fövqəladə hallarla mübarizə üzrə milli qurumların səylərinin beynəlxalq müstəvidə birləşdirmək missiyasını uğurla yerinə yetirir. Təşkilat yarandığı vaxtdan fövqəladə hallarla qlobal səviyyədə mübarizə aparılması, bu sahədə aidiyyəti orqanların fəaliyyətlərinin əlaqələndirilməsi, beynəlxalq səviyyədə təcrübə mübadiləsinin təşkili ilə bağlı effektiv fəaliyyət göstərir.

Ümumdünya Mülki Müdafiə Gününün keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini Beynəlxalq Mülki Müdafiə Təşkilatının gördüyü işlərin vacibliyinə və həyati əhəmiyyətinə cəlb edilməsi ilə yanaşı,  son illər respublikamızda fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün əhalinin etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı işlərin görülməsi, vətəndaşlarımızın həyat və iş fəaliyyətlərinin təhlükəsizliyi naminə gördüyü əməli və profilaktik tədbirlər barədə əhaliyə geniş məlumatın verilməsi, əyani materialların və digər təbliğat vasitələrinin iştirakçılara nümayiş etdirilməsi və bununla da onların mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

İnsanın, cəmiyyətin, ərazilərin təhlükəsizlik probleminin həllinə yanaşmada konkret təhlükələr, gözlənilən və ya gözlənilməyən fəlakətlər ölkələr tərəfindən təhlükəsizliyin təminatına verdiyi dəstəyi özundə ehtiva edərək bu proseslərə yeni baxış sistemini ortaya qoyur. Keçdiyi inkişaf yolunda ətraf mühitlə sıx bağlı olan bəşəriyyət yaşadığımız dövrdə yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemləri daha çox hiss etməkdədir. Adi hesablamalar, verilən informasiyalar, müşahidə etdiyimiz hadisələr göstərir ki, fəlakətlər nəticəsində ölkələrin iqtisadiyyatına ciddi ziyan dəyir, maddi dəyərlər məhv olur, insanlar, xüsusilə də azyaşlı uşaqlar tələf olur. Bu baxımdan Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən  2019-cu ildə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün "Uşaqların təhlükəsizliyi-bizim məsuliyyətimizdir" mövzusunda keçirilməsi zamanın aktuallığı baxımından ölkələrin aidiyyəti qurumları üçün daha prioritet vəzifələrdən hesab olunur.

İnsanların, xüsusilə də uşaqların sağlamlığını mühafizə etmək və qorumaq bizim başlıca vəzifəmiz olmalıdır. Narahatlıq doğuran məqamlardan biri də son illərin statistik göstəricilərinə əsasən müharibənin və təbii fəlakətlərin qurbanları arasında ölənlərin  və yaralananların sayına görə uşaqların sayının üstünlük təşkil etməsidir. Bununla bağlı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən bütün ölkələrdə uşaqların təhlükəsizliyinin həlli məsələsinin təhsil müəssisələrindən başlanması tövsiyə olunur. Bu məqsədlə təhsil müəssisələrində və ümumilikdə cəmiyyətdə uşaqların təhlükəsizliyinin təmin olunması məsələsi ölkələrin diqqət ayırmalı olduğu əsas sahələrdən biri hesab olunur.

Bu baxımdan ölkəmizdə təhsil müəssisələrində uşaqların mədəni dəyərlərə və peşə biliklərinə sahib olmaqla yanaşı, onların fövqəladə hallara hazırlanması, onlara fəlakətlər zamanı  davranış qaydalarının öyrədilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də möhkəm iradənin formalaşdırılması ən vacib məsələlərdəndir. Məhz bu istiqamətdə işlərin təşkil olunması uşaqların təhlükəsizliyinin, mühafizəsinin və sakitliyinin təmin olunmasına xidmət edə bilər.

Beləliklə, əhalinin mühafizəsi ilə bağlı mülki müdafiə strukturlarının əsas vəzifələri mülki müdafiə sahəsində bütün insanların bilik və bacarıqlarının artırılması və onlarda mənəvi cəhətdən güclü iradənin tərbiyə olunmasından, eləcə də onların həyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə dövlət hakimiyyəti orqanları tərəfindən ölkəmizdə əhalinin etibarlı təhlükəsizliyinin təmin edilməsi və bu sahədə keyfiyyətli idarəetmə strukturlarının yaradılması ilə bağlı davamlı olaraq işlər aparılır. Son illərdə dövlətin dəstəyi və himayəsi ilə fövqəladə hallara qarşı mübarizədə ölkənin əksər ərazisini və əhalisini əhatə etməklə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumlarının genişləndirilməsi, onların təminatının gücləndirilməsi və infrastrukturun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər aparılmışdır. Bu işlərin görülməsi planlı şəkildə həyata keçirilmiş və xilasetmə qurumlarının xilasetmə texnika və avadanlıqları ilə təminatı hazırki mərhələdə əsasən başa çatdırılmışdır. Bu dövr ərzində müasir standartlara cavab verən texnika və texniki vasitələr: qəza-xilasetmə, yük və minik avtomobilləri, ekskovator, buldozer, ambulans tibb avtomobili, mobil hospital, kimya və mühəndis əmlakları alınaraq qurumlarımızın istifadəsinə verilmişdir. 

Xilasetmə qurumlarımız, eləcə də bölgələrdə fəaliyyət göstərən regional mərkəzlər gündəlik fəaliyyətdə xilasetmə işlərinin aparılması sahəsində şəxsi heyətin peşəkar səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin planlaşdırılması və keçirilməsi, həmçinin fövqəladə halların baş vermə təhlükəsi zamanı dərhal reaksiya verilməsi ilə bağlı hazırlıq tədbirlərini yerinə yetirir. Nazirlik  və regional mərkəzlər tərəfindən müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də idarə, müəssisə və təşkilatlarda mülki müdafiə işinin təşkili, insanların mülki müdafiə sahəsində hazırlanması, bu sahədə aparılan işlərin əlaqələndirilməsi həyata keçirilir. 

Bu işlərin əsasında  mülki müdafiə məsələlərinin həll edilməsi, mülki müdafiə tədbirlərinin dəqiq planlaşdırılması və vaxtında həyata keçirilməsi əsas məqsəd kimi qarşıya qoyulur. Bu tədbirlər  istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bütün insanları əhatə edir. Bu tədbirlərin yerinə yetirilməsinin əsasını icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, eləcə də mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərində işçilərin və işləməyən əhalinin fövqəladə hadisələrdən qorunması ilə bağlı mütəmadi maarifləndirmə işlərinin aparılması, obyektlərin rəhbər, komandir-rəis heyətinin, mülki müdafiə qüvvələrinin və mütəxəssislərinin hazırlanması, işçilərə və işləməyən əhaliyə, ali məktəb və kollec tələbələrinə, texniki peşə və orta ümumtəhsil məktəblərinin şagirdlərinə mülki müdafiənin öyrədilməsi təşkil edir.

Bütün bu amilləri nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlıq etməklə bərabər bu təşkilatın həyata keçirdiyi bütün tədbirlərdə aktiv iştirak edir və fövqəladə hallara qarşı mübarizədə beynəlxalq təcrübənin nailiyyətlərindən istifadə olunması üçün müvafiq tədbirlər həyata keçirir.

Fövqəladə Hallar Nazirliyinin Mülki

Müdafiə işinin təşkili Baş idarəsi

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)