Heydər Əliyev - 95
Ulu öndər Heydər Əliyevin Azərbaycan yanğın təhlükəsizliyi sisteminin tərəqqisində xidmətləri misilsizdir

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz rol oynamışdır. Heydər Əliyev - bu möhtəşəm və əzəmətli şəxsiyyət ən böyük azərbaycanlı olaraq yalnız dövlət idarəçiliyini, ordumuzun, təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin, şəhər və kəndlərimizin, sənayemizin deyil, bütövlükdə yeni və müasir dövlətimizin qurucusu və həm də əhalinin təhlükəsiz yaşamasının, işləməsinin və istirahət etməsinin, o cümlədən yanğın kimi təhlükədən mühafizə olunmasının etibarlı təminatçısı kimi də tariximizdə əbədiyaşarlıq qazanmışdır.

İstər 1969-1982-ci illərdə, istərsə də ikinci dəfə müstəqillyimizə qovuşduğumuz dövrdə Azərbaycanın yanğın təhlükəsizliyi qurumları Ulu Öndərin qayğısı ilə inkişaf etmiş, dünya ölkələri arasında şan-şöhrət qazanmış, respublikamızda  yanğın təhlükəsizliyinin təmin olunmasına diqqət artırılmışdır.

Ötən əsrin 70-ci illərində Azərbaycanın yanğından mühafizə orqanlarının kadr bazasının möhkəmləndirilməsi, milli kadrlarla təmin edilməsi istiqamətində təqdirəlayiq işlər görüldü. 1970-ci ilə qədər SSRİ-nin müxtəlif şəhərlərində yanğından mühafizə orqanları üçün mütəxəssislər hazırlayan xüsusi məktəblərdə azərbaycanlılar məhdud sayda təhsil alırdılarsa, Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə bu sahədə mənzərə tamamilə dəyişdi. Azərbaycanın yanğın təhlükəsizliyi orqanlarında əvvəlki illərdən fərqli olaraq məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə respublikamızın yanğından mühafizə sisteminə milli kadrlar rəhbərlik etdi, yerli strukturlarda azərbaycanlılar rəhbər vəzifələrə irəli çəkildi.    

Nefti milli sərvətimiz adlandıran Heydər Əliyev Azərbaycana birinci rəhbərlik dövrünün ilk illərindən bu mühüm strateji sahənin inkişafı qayğısına qalır, həm də həmin illərdə Azərbaycan rəhbəri neft sənayesinin yanğın təhlükəsizliyini də diqqət mərkəzində saxlayır, bu sahədə baş verən yanğın hadisələrini izləyir, onların başvermə səbəblərini təhlil edirək yanğınların qarşısının alınması ilə bağlı dəyərli təkliflər verir, əməli köməkliklər göstərirdi.

1971-ci il yanvarın 4-də respublikanın rəhbər orqanlarına "Bahar" yatağında dəhşətli bir yanğın haqda xəbər verildi. Hadisə barədə dərhal Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məlumatlandırıldı. Təxminən bir aya yaxın davam edən bu yanğının söndürülməsi gündəlik olaraq Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzarətində idi.

1971-ci ilin fevral ayında Bakı şəhər partiya fəallarının konfransında Heydər Əliyev "Bahar" yatağındakı yanğına ciddi münasibət bildirdi,         yanğınlara, qəza hadisələrinə yol verilməməsi üçün Bakı şəhəri sənayesinin işi üçün məsuliyyət daşıyan bütün məsul şəxslərə müraciət edərək onları müəssisələrdə ciddi intizam yaratmağa, bütün nöqsanların, xüsusən əmək və texnologiya intizamının pozulmasına gətirib çıxaran səbəblərin  aradan qaldırılmasına nail olmağa çağırdı.       

1971-ci il oktyabrın 20-də indiki "Azərneftyanacaq" İstehsalat Birliyinin 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın zamanı ulu öndər Heydər Əliyev hadisə yerinə gəldi, ən çətin şəraitdə, ekstremal vəziyyətlərdə düzgün çıxış yolunu tapmaq, zəruri qüvvələrin müəyyənləşdirilərək problemin həllinə cəlb etmək, yüksək təşkilatçılığı ilə çoxlarının görə bilmədiyi imkanları da səfərbər etmək qabiliyyəti dəhşətli bir yanğın hadisəsinin qarşısının alınmasında yanğınsöndürənlərin köməyinə çatdı.

Onu da qeyd edək ki, 1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində yanğın təhlükəsizliyi xidməti sahəsində Azərbaycan müttəfiq respublikaları arasında sonuncu yerləri tuturdu. Təbii ki, vacib bir xidmət sahəsində olan bu vəziyyət Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevi narahat etməyə bilməzdi. Bütün sahələrdə yanğın təhlükəsizliyinin qənaətbəxş vəziyyətdə olması üçün ciddi tədbirlər həyata keçirildi. Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan hökuməti respublikada yanğın təhlükəsizliyinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul etdi.

Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ilin mart ayında respublika Nazirlər Sovetinin nəzdində yanğın-texniki komissiya yaradıldı. Bu komissiya yanğın təhlükəsizliyi məsələlərinin kompleks həlli sahəsində sənaye müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsində, yanğından mühafizə işinin təşkilinin yaxşılaşdırılmasında, yanğına qarşı texnikanın yeni, daha səmərəli vasitələrinin sənaye müəssisələrinin yanğından mühafizə təcrübəsinə tətbiq olunmasında, yanğın təhlükəsizliyi qaydalarının kütləvi təbliğ olunmasında mühüm rol oynadı.

Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərini yanğın təhlükəsizliyini təmin edən və istismar müddətini bitirmiş yanğın gəmilərinin yeniləri ilə əvəz olunması məsələsi məhz Heydər Əliyevin SSRİ-nin ali hakimiyyət orqanlarındakı nüfuzu sayəsində həll olundu. Ümummilli Liderin qayğısı sahəsində Polşada istehsal olunmuş 9 ədəd "Vixr" tipli yanğınsöndürmə gəmisi Azərbaycana gətirildi.

Həmin illərdə respublikamızın odlu cəbhə əsgərləri ittifaq miqyaslı nailiyyətlər əldə etdilər. Xidmətləri daima yüksək qiymətləndirildi, bir sıra dövlət təltiflərinə, orden və medallara layiq görüldülər.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının siyasi rəhbərliyinə yenidən qayıdışı yanğın təhlükəsizliyi sistemində də dönüş mərhələsinin, inkişafa doğru irəliləyişin əsasını qoydu. Azərbaycanın yanğın təhlükəsizliyi xidməti milli kadrların hazırlanması probleminin həllinə nail oldu. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə  DİN-nin Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə xüsusi orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbi yaradıldı.

 Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin hüquqi təminatı siyasətinin məntiqi nəticəsi və tərkib hissəsi olaraq ölkəmizin yanğın təhlükəsizliyi xidməti öz fəaliyyətini tənzimləyən hüquqi bazaya malik oldu. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1997-ci il tarixli qərarı ilə "Yanğın təhlükəsizliyi haqqında" Qanun qəbul edildi və 1997-ci ilin 25 iyununda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev  "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzaladı. Beləliklə, müstəqil Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin hüquqi əsasları müəyyən edildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın yanğın təhlükəsizliyi xidmətinə, onun çoxsaylı əməkdaşlarına olan qayğısı, etimadı və ehtiramının nəticəsi olaraq 10 oktyabr  Yanğınsöndürənlərin peşə bayramı günü kimi təsis edildi.    

Bu gün yanğın təhlükəsizliyi qurumları Fövqəladə Hallar Nazirliyinin tərkibində yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayaraq yanğın təhlükəsizliyinin təmin olunması, profilatik tədbirlərin keçirilməsi, yanğınların qarşısının alınması, söndürülməsinin təşkili, bununla əlaqədər qəza-xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirir, sözün həqiqi mənasında insanların təhlükəsiz yaşaması, işləməsi və istirahət etməsi üçün öz vəzifə borclarını layiqincə yerinə yetirirlər. 

Bütün bunlar isə əhalinin yanğın təhlükəsizliyini təmin etməyə daim diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirmək, onun işıqlı ideyalarını yaşatmaq deməkdir.

Hikmət Xudiyev,

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi,

daxili xidmət polkovniki, əməkdar jurnalist,

tarix üzrə fəlsəfə doktoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)