Azərbaycan Xalq Cümhuriyyəti - 100
TARİXDƏN SƏHİFƏLƏR

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Mərhələ-mərhələ gücləndirilən belə millətçi siyasət nəticəsində xalqımıza məxsus tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib, soydaşlarımız qırğınlara, talanlara, terror və digər zorakılıq aktlarına məruz qalıblar.

100 il öncə emənilər törətdikləri cinayətlərdə yanğınlardan da istifadə edib, vəhşi amansızlıqla mədəniyyət və tarixi abidələrə od vuraraq memarlıq incisi sayılan binaları yerlə-yeksan etməyə nail olublar. Bakıda ermənilər tərəfindən törədilən yanğınlar nəticəsində Azərbaycan xalqına məxsus mədəniyyət ocaqları, məktəblər, məscidlər, mətbəələr, qəzet redaksiyaları, teatrlar, xəstəxanalar, azərbaycanlılar yaşayan məhəllələr yandırılaraq xarabazarlığa çevrilib. Ermənilərin bü cinayət əməlləri Bakıdakı yeganə yanğın komandasının yanğınsöndürənlərini tarixi sınaqlar qarşısında qoyub.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İstiqlaliyyət küçəsində yerləşən əzəmətli binası - "İsmailiyyə" də 1918-ci ilin məşum mart hadisələri zamanı ermənilərin cinayətkar əməlləri nəticəsində yandırılaraq az qala "tarixdən silinib".

"Azərbaycan" qəzeti 1919-cu il 30/17 mart tarixli 67-ci sayında "İsmailiyyə"nin yanmasının şahidlərindən birinin xatirəsini dərc edərək yazırdı:

"...Martın 20-də Tetevos Əmirov və daha 3 nəfər silahlı erməninin "Kaspi" qəzeti redaksiyası yerləşən döngə tərəfdən "İsmailiyyə" binasına daxil olduqlarını gördüm. Bir az keçmiş pəncərədən alov göründü və bina yandı. Yanğın "İsmailiyyə"nin yaxınlığında yerləşən Tağıyev məktəbini də təhlükə altında qoymuşdu. Lakin realnı uçilişinin işçiləri başlarına yağan güllə yağışı altında da məktəbin damına su töküb yanğının qarşısını aldılar".

"Mart hadiseyi-əliməsi" kitabında o müdhiş günlərin şahidi kimi erməni vəhşiliklərini qələmə alan gənc Məhəmməd Muradzadə Bakının misilsiz memarlıq nümunəsi olan "İsmailiyyə"nin yandırılmasını belə təsvir edirdi:

"...İsmailiyyə" barəsində bir saat əvvəl aldığım qəmli bir xəbəri təhqiq etməyə iştab edirdim (tələsirdim). Realnı məktəbi önündən başlamış, göy üzünü qapayan xəfif siyah bir duman "İsmailiyyə"nin bir an əvvəl düşmən tərəfindən qəddarlıqla yandırıldığını bildirdi. Onun önündəki iki mərtəbəli binanın asfaltında bir yığın camaat onu tamaşaya durmuşdu. Fəqət, bu möhtəşəm "İsmailiyyə" binası belə məhzun bir hala salınmış? Hər kəs ona yaxınlaşmağa qorxur, ondan acı təəssürat alar, deyə düşünürdüm.

"İsmailiyyə" yandırılmış, həm də düşmənin acı və kinli intiqamı ilə yandırılmış, kül olar dərəcəsinədək yandırılmışdı. Onun mahiranə yonulmuş daşları qırmızı alovların təsirindən tamam dəyişmişdi..."

S.Hüseyn yazırdı: "Xain düşmənlər, erməni milli polku "İsmailiyyə"ni işğal etmiş, oradakı müxtəlif təşkilatların kağız-dəftərlərini qarışdırır, bəzi şeylər arayırdılar. Bu qədər müxtəlif təşkilatlardan birkərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan muxtariyyət fikrini əbədən basmaq üçün bu fikrə pərvəriş verən "İsmailiyyə"nin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu..."

1918-ci il noyabrın 22-də Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş quberniya Mühəndisi A.M.Şternberqin iştirakı ilə, "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış keçirildi. Baxışın yekunları ilə bağlı rəsmi sənədlərdəki qeydlər erməni vəhşiliyini bir daha sübut edir:

"... Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdir və yanğının çox yüksək temperaturundan əyilmiş və qatlanmış bu tirlərlə birlikdə pilləkənin aşağı meydançasında xaotik tonqal yaratmışdır. Binanın çatı, həmçinin iki rəngli mərkəzi böyük salonun üstündəki tirləri ağacdan idi və onlar tamamilə yanmışdır...

...Salonun döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edir. Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləməsi hərarətdən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdür. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində - daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki, ondan tikinti materialı kimi istifadə edilə bilməz...

...Əsas dəmir-beton tirlər hərarətin təsirindən əhəmiyyətli dərəcədə əyilmişdir və onların, eləcə də kənar pilləkənlərin uçmaq təhlükəsi vardır".

...Hər üç mərtəbədə tirlər ağacdan idi, onlar tamamilə yanmış və damın uçması nəticəsində indi binanın bünövrəsi heç bir otaqlara bölünmə əlaməti olmadan açıq görünür. Binanın hər yerində yalnız korlanmış vəziyyətdə daş və dəmir hissələr qalmışdır və hətta fasad pəncərələrinin dəmir çərçivələrinin sement işləmələri hərarətin təsirindən uçub tökülmüşdür. Bütün çərçivələr, qapılar və s. tamamilə yox dərəcəsindədir..."

Yanğınlarla müşayiət olunan 1918-1920-ci illərdə  Bakıda yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən işlər kifayət qədər mükəmməl deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa fəaliyyəti, ictimai-siyasi vəziyyət, xarici qüvvələrin təsiri, Bakıda yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən işləri təkmilləşdirmək sahəsində ciddi tədbirlər görülməsinə imkan vermirdi. Siyasi hakimiyyətin əldən-ələ keçməsi, təkmilləşməmiş dövlət idarəçiliyi yanğın təhlükəsizliyi ilə bağlı işlərdə durğünlüq yaradırdı. Yanğın təhlükəsizliyi məsələləri vahid mərkəzdən idarə olunmurdu. Belə ki, 1918-ci ilin yazında siyasi mübarizələrin baş alıb getdiyi bir vaxtda Bakı Xalq Komissarları Soveti təşkil olundu və onun tərkibində olan 12 komissarlıqdan biri də Xalq Daxili İşlər Komissarlığı idi. Bu komissarlıq yarandığı vaxtdan sovet inzibati orqanlarının, fəhlə-kəndli milisinin təşkilini və fəaliyyətini nizamlamaqla yanaşı, Bakı XKS-nin müqəddəratında neft amilinin mühüm rol oynadığından iqtisadiyyatın əsas sahəsi olan neft və neftayırma sənayesi müəssisələrinin qorunmasını, o cümlədən yanğın təhlükəsizliyini də diqqət mərkəzində saxlayırdı. Neft mədənləri və zavodlar əsasən Bakı XDS Xalq Daxili İşlər Komissarlığının Xüsusi Mühafizə Milisi tərəfindən qorunurdu.

Bakı Xalq Komissarları Sovetinin süqutundan və 1918-ci ilin oktyabr ayının 30-da bağlanmış Mudros sazişinin tələblərinə uyğun olaraq türklər Azərbaycanı tərk etdikdən sonra ingilis generalı B.Tomson özünü Bakının general-qubernatoru elan etdi. İngilislər silah gəzdirilməsini, icazəsiz yığıncaq, mitinqlər, fəhlə tətilləri keçirilməsini və s. qadağan etməklə yanaşı Bakıdakı mədən və zavod mərkəzlərindən 15 verst radiusda məsafəni hökumət zonası hesab etdilər. Bu zonanın qorunmasına, o cümlədən yanğın təhlükəsizliyinə nəzarət Bakıdakı Britaniya Xüsusi Polisinin rəhbərliyi altında həyata keçirilirdi.

1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin polisi neft mədənlərində və zavodlarda oğurluq, təxribat, həmçinin yanğınlar törətmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırdı. Bakının yanğından mühafizəsi isə 1885-ci ildə yaradılmış yeganə yanğın komandasının üzərinə düşürdü.

Hikmət  Xudiyev,

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və

təbliğat sektorunun rəisi,

daxili xidmət polkovniki, əməkdar

jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)