TARİX YARADAN DAHİ ŞƏXSİYYƏT
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48 ili tamam olur

1969-cu il iyulun 14-ü ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür. 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz sözün əsl mənasında siyasi, iqtisadi, mədəni yüksəliş dövrünü yaşayıb, Azərbaycanda soşğun inkişaf, yeni bir həyat başlayıb, respublikamız böyük tikinti-quruculuq, abadlıq meydanına çevrilib. Milli ruhu, milli özünüdərki, milli qürur hissini yüksəldən, xalqın milli tarixi yaddaşını özünə qaytaran Ulu Öndər dünyaya qədim tarixə, zəngin mədəniyyətə, adət - ənənələrə, mənəvi - əxlaqi dəyərlərə malik millətin azərbaycanlılar olduğunu sübut edib.

1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. Azərbaycanın keçmiş sovetlər məkanında ön sıraya çıxmasında, onun yüksəliş və tərəqqisində həmin illərin xüsusi yeri vardır. Bircə faktı demək kifayətdir ki, Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötüb. Həmin illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, respublikamızın simasının tamamilə dəyişməsi, mədəniyyətin çiçəklənməsi və digər mühüm amillər görülən böyük işlərin yalnız adi gözlə görünən məqamlarıdır. Bu gün həmin dövrə nəzər salanda bu böyük şəxsiyyətin müstəsna təşkilatçılıq qabiliyyəti, tükənməz enerjisi ilə doğma Azərbaycanın sosial-iqtisadi, elmi-texniki potensialının gücləndirilməsi üçün hansı fövqəladə işlərin görüldüyünün bir daha əyani şahidi oluruq. 1970-1980-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Həmin dövrdə ölkənin inkişafı sadəcə kəmiyyət göstəriciləri ilə yox, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü bürüzə verib. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Dahi Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.

1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artıb, 250 yeni iri sənaye müəssisəsi yaradılıb. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələyib. Azərbaycan başdan-başa tikinti-quruculuq meydanına çevrilib. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqda özünü idarə etmək iqtidarında olan iki respublikadan birinə çevrilib.

Ümummilli lider Heydər Əliyev sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıb. Bütün bunlarla yanaşı, Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın gələcək inkişafı savadlı gənclərin, bacarıqlı kadrların yetişdirilməsindən çox asılıdır. Buna görə də o, gənclərin SSRİ-nin ən qabaqcıl və tanınmış ali məktəblərində təhsil almaları üçün çox böyük səy göstərir, sonradan respublikamıza qayıdan həmin kadrların işlə təminatına xüsusi diqqət yetirirdi. Bundan başqa, Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açılırdı. Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəb fəaliyyətə başlayıb. Vaxtilə ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısını görən, onun xeyir-duasını alan həmin mütəxəssislər bu gün də Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkəmizin inkişaf etdirilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində yaxından iştirak edirlər.

1982-ci ilin sonlarında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi son dərəcə mühüm və məsuliyyətli bir vəzifəyə irəli çəkilib. Nəhəng bir ölkənin həyatının bir çox sahələrinin işinə nəzarət məhz birbaşa ona etibar edilib. Ulu Öndər belə bir məsul vəzifədə işləməklə yanaşı, Azərbaycanın problemləri ilə də daim məşğul olub, sözün əsl mənasında Azərbaycanla yaşayıb.

1993-2003-cü illərdə Ulu Öndər planetin nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirib. Ulu öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 10 il əsl quruculuq-yaradıcılıq dövrü kimi tarixə düşüb. Bu dövrdə müstəqil Azərbaycan sosial-iqtisadi sahələrdə, ordu quruculuğunda, beynəlxalq münasibətlərdə böyük uğurlar qazanıb. Daim doğma Vətənini, xalqımızın gələcəyini düşünən ümummilli lider deyirdi: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır".

Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin sınaqlarından uğurla çıxıb. Ulu Öndərin qurub yaratdığı müstəqil Azərbaycan bu gün öz inkişafında yeni mərhələyə qədəm qoyub. Dahi Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, yüksək dinamizmlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəqqi və yüksəliş dövrünü yaşayır. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Ölkəmizin qüdrətinin daha da artması naminə saysız-hesabsız uğurlara imza atılır. Azərbaycan beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, yüksəlişin, sülhün məkanı kimi tanınır.

Ulu öndər Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın xoş sabahına daim işıq salacaq.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)