Təhlükəsizlik qaydalarına biganə yanaşmayın!

İnsan həyatında mühüm rol oynayan amillər, vasitələr çoxdur. Şübhəsiz ki, nəqliyyat vasitələri də həyatımızın bütün sahələrində olduqca önəmli rola malikdir. Hamımıza məlumdur ki, nəqliyyat vasitəsi olmadan uzaq məsafələrə getmək mümkün deyil. Yəni bütün insanlar nəqliyyat vasitələrindən yararlanırlar.

Nəqliyyatdan yararlanarkən təhlükəsizlik qaydalarına əməl olunması ən vacib amildir. Bu, təkcə nəqliyyat vasitələrinin idarə edilməsini nəzərdə tutmur. Piyadaların, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin təhlükəsizliyi də ciddi şəkildə qorunmalıdır. Təhlükəsizlik qaydalarına biganə yanaşılması ciddi fəsadlara yol aça bilər. Biz hər birimiz bu qaydalara əməl etməklə ciddi xəsarətlərdən, qəzalardan, hətta bəzən ölümdən belə, xilas ola bilərik. Düzdür, müəyyən yaş dövründə insan təhlükəsizlik qaydalarına əməl edir. Sanki insanda bir instinkt yaranır. Böyüklərin işi qaydalara riayət etməklə bitmir. Onlar öz övladlarına da təhlükəsizlik qaydaları barədə məlumat verməli, uşaqları üzləşə biləcəkləri təhlükədən qorumağı bacarmalıdırlar. Böyüklərin bu sahədə məsuliyyəti kifayət qədərdir.

Təəssüf ki, küçə və yollarda təhlükəsizlik qaydalarına biganə yanaşan, qeyri-düzgün davranışı ilə təhlükə törədən böyüklərə də kifayət qədər rast gəlinir. Sürətlə gələn maşının qarşısından qaçmağa can atan, işıq nişanının qadağanedici siqnalında yolu keçməyə çalışan, hərəkətdə olan avtobusa minməyə cəhd edən böyükyaşlı insanlar hələ də var. Bunu görən balacaların eyni hərəkəti təkrarlaması adi hal deyilmi?

Buna görə də hər birimiz məsuliyyətimizi dərk etməli, müxtəlif vasitələrlə uşaqların yol hərəkəti qaydalarını öyrənməsinə, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maariflənməsinə çalışmalıyıq. İlk növbədə uşaqlarda küçədəki təhlükələr haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edər, təhlükənin, bədbəxt hadisənin nə olduğunu anlamaz. Uşağı başa salarkən təhlükəsizlik qaydalarını ona sadə dillə izah etmək lazımdır. Bu zaman uşağın dünyagörüşü nəzərə alınmalı, uşaq yorulmamalıdır. Belə "təhsili" hər hansı bir oyun şəklində də qurmaq olar. Yaxud, əyani şəkildə, yolda olarkən, parka çıxarkən maraqlı söhbət şəklində etmək olar. Məsələn, işıqfor quraşdırılmış yerdən bir neçə dəfə keçin, bu zaman işıqforun hansı işığında keçmək lazım olduğunu uşağa izah edin. Hətta ətrafda yol hərəkətini pozan insanlar olduqda, onları uşağınıza göstərin. Uşağınıza başa salın ki, yol hərəkətini pozan bu insanı hansı təhlükə gözləyir.

Uşaqlar bilməlidirlər ki, hərəkətsiz nəqliyyat vasitəsinin qarşısında və ya arxasında dayanmaq olmaz. Hərəkətə başlayan maşının sürücüsü onları görməyə də bilər və bu bədbəxt hadisə ilə nəticələnər.

Bir çox təhsil müəssisələri şagirdlərin evlərindən uzaqda yerləşir. İctimai nəqliyyatdan istifadə edən uşaqlara izah edin ki, nəqliyyat vasitəsini məhz səkidə, yolun hərəkət hissəsinə çıxmadan gözləsinlər. Səki kənarlarından 5-6 addım içəriyə doğru dayansınlar. Nəqliyyat vasitəsinə mindikdə, tələsmədən içəri daxil olsunlar. Yoldaşları ilə cox səs-küy salmasınlar, nadinclik etməsinlər ki, sürücünün diqqəti yayınmasın.

Müşahidələr göstərir ki, qrup şəklində hərəkət edən uşaqlar üçün təhlükə daha potensial xarakter daşıyır. Çünki, qrup şəklində hərəkət edən uşaqlar zarafatlaşır. Bu zaman onların diqqəti dağınıq olur. Buna görə də hər bir valideyn öz övladına tapşırmalıdır ki, öz dostları ilə birlikdə yolu keçərkən işıqfora diqqət yetirsin, avtomobil yolunu adlayarkən dostları ilə zarafat, söhbət etməsin. Bu, yolun təhlükəsiz şəkildə keçilməsi üçün çox vacibdir.

Nəqliyyatda önəmli məsələlərdən biri də qoruyucu kəmərlərdən düzgün istifadə edilməsidir. Bu məsələyə laqeydlik göstərmədən ilk növbədə böyüklər özləri kəməri taxmalı, bunu bir vərdiş kimi uşaqlara da aşılamalıdırlar. Təhlükəsizlik kəməri qəzaların qarşısını almayan, lakin baş verə biləcək ciddi travma və yaralanmaların xeyli aşağı düşməsinə yardım edən bir vasitədir. Bu zaman diqqət yetiriləcək əsas məsələ, kəmər istifadəçisinin boyuna və çəkisinə uyğun olmasıdır. Məsafədən, nəqliyyat vasitəsinin  sürətindən asılı olmayaraq, təkcə hava yastığına güvənərək təhlükəsizlik kəmərinə biganəlik yolverilməzdir. Kiçik yaşlı uşaqlar üçün avtomobillərdə xüsusi uşaq oturacaqları quraşdırılmalıdır. Bu oturacaqlar qəzalar zamanı uşaqların xəsarət alma riskini azaldır.

Uşaqların istifadə etdiyi əyləncəli nəqliyyat vasitəsi olan velosipedlər də təhlükə mənbəyi ola bilər. Belə ki, velosipeddən qeyri-duzgün istifadə onun aşmasına və uşağın zədələnməsinə gətirib çıxarar. Belə təhlükənin qarşısını almaq üçün, ilk növbədə velosipedin seçiminə diqqət yetirilməlidir. Yəni velosipedlərin boy və modelinin uşaqların boyu, çəkisi və yaşına uyğun olmasına fikir vermək lazımdır. Təhlükəsizlik tədbiri kimi velosiped dəbilqəsindən istifadə olunmalıdır. Velosipedin saz vəziyyətdə saxlanılmasına da müntəzəm şəkildə nəzarət edilməlidir.

Bir məsələni unutmayaq ki, uşaqların təhlükəsizliyində əsas məsuliyyəti böyüklər daşıyır. Biz özümüz təhlükəsizlik qaydalarına düzgün əməl etməklə övladlarımıza nümunə ola bilərik.

Hazırladı: Mehman Fərzəliyev

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)