YANĞIN AVTOMOBİLLƏRİ

Yanğından mühafizə qurumlarında maddi-texniki bazanın əsasını təşkil edən yanğın texnikası - yanğınların söndürülməsində istifadə etmək üçün nəzərdə tutulmuş və avadanlıqlarla təchiz olunmuş motorlu vasitələr yanğınların yayılmasının məhdudlaşdırılması və söndürülməsi, insanların və qiymətli materialların alovdan qorunması üçün zəruri olan texniki vasitələrin məcmusunu özündə əks etdirir.  Yanğın texnikasının ən geniş tətbiq olunan növü yanğın avtomobilləridir. Yanğın avtomobilləri yanğın yerinə şəxsi heyəti, od söndürən maddələri və yanğın-texniki avadanlıqları gətirmək, od mənbəyinə zəruri miqdarda və intensivlikdə od söndürən maddələri vermək, yanğınların söndürülməsi zamanı və işə başlamazdan qabaq bir sıra xüsusi işləri görmək üçün nəzərdə tutulur. Yanğın avtomobilləri təyinatından asılı olaraq ştat cədvəlinə müvafiq şəkildə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə hissə və bölmələrində yerləşdirilir. Yanğın avtomobilləri ərazinin relyefi, şəraiti, obyektlərin yerləşməsi, onların təhlükəlilik dərəcəsi, əhalinin sayı və sıxlığı və s. hallar nəzərə alınmaqla hissə və bölmələrə təhkim olunur.

Yanğından mühafizə hissə və bölmələri döyüş hesabında olan əsas yanğın avtomobillərinin sayı qədər ehtiyat əsas yanğın avtomobilləri ilə təmin edilir. Ehtiyat yanğın avtomobilləri də döyüş hesabındakı yanğın avtomobilləri kimi texniki cəhətdən saz və döyüşə hazır  vəziyyətdə  saxlanılır. Ehtiyat yanğın avtomobillərinin saxlanılmasında məqsəd yanğından mühafizə hissə və bölmələrinin daimi döyüş hazırlığının və texniki imkanlarının yüksəldilməsini təmin etməkdir. Belə ki, döyüş növbəsində olan əsas yanğın avtomobilləri bu və ya digər səbəblərdən döyüş hesabından çıxarıldıqda ehtiyat əsas yanğın avtomobilləri döyüş hesabından çıxarılan yanğın avtomobillərini əvəz edir.

Yanğından mühafizə hissə və bölmələrinin əsas yanğın avtomobilləri od söndürən maddə tutumuna, qabarit ölçülərinə, keçid qabiliyyətlərinə və s. imkanlarına görə də dəstləşdirilir. Belə ki, respublikanın iri şəhərlərinin mərkəzi hissələrində yerləşən yanğından mühafizə hissə və bölmələri kiçik və orta qabarit ölçülü yanğın avtomobilləri ilə, dağlıq rayonlarda  yerləşən yanğından mühafizə hissə və bölmələri yüksək keçidli yanğın avtomobilləri ilə, neftayırma müəssisələri və ya xüsusi təhlükəli obyektlərin  yaxınlığında olan yanğından mühafizə hissə və bölmələri isə həmin obyektdə baş verə biləcək yanğınların söndürülməsi üçün tələb olunan od söndürücü maddəsi olan avtomobillərlə təchiz olunur.

Yanğın avtomobilləri təyinatından asılı olaraq əsas, xüsusi və köməkçi yanğın avtomobilləri qrupuna bölünür.

Əsas yanğın avtomobilləri yanğın yerinə şəxsi heyəti, yanğın-texniki avadanlıqları və ehtiyat od söndürən maddələri gətirir, eləcə də həmin maddələri yanğın yerinə verir. Əsas yanğın avtomobilləri iki qrupa bölünür:

1.Ümumi təyinatlı - şəhər və yaşayış məntəqələrində baş vermiş yanğınların söndürülməsində istifadə edilən yanğın avtomobilləri;

2.Xalq təsərrüfatı və iri sənaye obyektlərində baş vermiş yanğınların söndürülməsində istifadə edilən yanğın avtomobilləri.

Xüsusi yanğın avtomobillərindən yanğınların söndürülməsi zamanı xüsusi işləri yerinə yetirmək üçün istifadə olunur.

Köməkçi yanğın avtomobilləri isə əsas və xüsusi yanğın avtomobillərini yanğın və ya təlim yerində yanacaqla doldurmaq, yükləri aparmaq, yanğın texnikalarını təmir etmək, yanğınsöndürmə rəhbərlərini yanğın yerinə gətirmək və s. işlər üçün nəzərdə tutulmuşdur.                                 

Yanğından mühafizə qurumlarlnda ilkin taktiki bölmə əsas yanğın avtomobilləri qrupuna aid olan avtoçəndəki manqadır. Yanğından mühafizə bölmələrində ən azı bir, yanğından mühafizə hissələrində ən azı iki əsas yanğın avtomobilləri manqalarla birlikdə döyüş hesabında olur. Bu yanğın avtomobilləri yanğından mühafizə hissələrinin silahlanmasının texniki əsasını təşkil edir. Avtoçənlərin ehtiyat su və köpükəmələgətirən maddə üçün çəni vardır. Onların vasitəsi ilə yanğın yerinə su hövzələrindən, su ötürücü şəbəkələrdən, digər avtoçənlərdən su verilməsi mümkündür.

Avtoçənlər su götürən sistem, suköpük kommunikasiyalı nasos, nasos transmissiyası, güc ötürücüləri ilə təchiz edilmişdir. Yanğın avtomobillərinin yanğın nasosları əsasən avtomobilin arxa hissəsindəki bölmədə yerləşdirilir.

Müasir  yanğın avtomobilləri yanğınların söndürülməsində istifadə olunan yanğın texniki alət və avadanlıqlarla yanaşı xüsusi xilasedici, kəsici-ayırıcı avadanlıqlar, eləcə də yanğın yerinin günün qaranlıq vaxtlarında işıqlandırılması üçün projektorlarla təzhiz olunur.

Yanğın avtomobillərini müəyyən etmək üçün xüsusi markalanma tətbiq edilir: başlanğıc hərflər avtomobilin növünü, defisdən sonrakı rəqəmlər əsas parametrləri, mötərizə içərisində hansı şassi üzərində quraşdırıldığını, mötərizədən sonrakı rəqəmlər modeli göstərir. AÇ-40(131)137 avtoçənində AÇ - avtoçən, 40-yanğın nasosunun məhsuldarlığı - 40 litr/saniyə, 131-ZiL şassisi üzərində quraşdırıldığı, 137 - modelə uyğunluğu göstərilir. HLF-30/30-5 (MAN) avtomobilində HLF - çənli yanğınsöndürən, yanğın nasosunun məhsuldarlığın 3000 litr/dəqiqə, 3000 litr su ehtiyatı, 500 litr köpük əmələ gətirən maddə ehtiyatı, avtomobilin  MAN  şassisi üzərində olduğunu göstərir.

Əsas yanğın avtomobilləri su ehtiyatı çənlərinin tutumuna görə 3 qrupa bölünür:

1. Çəninin tutumu 2000 litrə qədər olan yanğın avtoçənləri - yüngül avtoçənlər,

2. Çəninin tutumu 2000-5000 litr arası olan yanğın avtoçənləri - orta avtoçənlər,

3. Çəninin tutumu 5000 litrdən artıq olan yanğın avtoçənləri - ağır avtoçənlər.

Avtoçənlərdə olan su ehtiyatı və yanğın nasoslarının məhsuldarlığı bir çox yanğınların söndürülməsinə kifayət edir. İri yanğınların söndürülməsi zamanı avtoçənlər su mənbəyinə qoşulur və ya yanğın nasos stansiyaları və ya nasoslu şlanq avtomobilləri ilə su yanğın yerinə verilir.

Köpüklə od söndürən yanğın avtomobilindən yanğının yalnız köpüklə söndürülməsi zəruri olan hallarda istifadə olunur. Onlar yanğın yerinə döyüş hesabındakı yanğınsöndürənləri, yanğın-texniki ləvazimatları və köpük əmələ gətirən maddəni gətirirlər. Hər hansı yanğın nasosu və köpük qarışdırıcısı olan avtoçənlər köpük avtomobili kimi istismar oluna bilər. Məsələn, köpük avtomobili olan APT-8,0-40(65115) 064PV  ilə yanğın avtoçəni olan AÇ-8,0-60(65111) arasındakı fərq yalnız ondadır ki, birinci avtomobildə 2 ədəd əllə daşınan 13 metrlik köpükqaldırıcı, kombinə edilmiş stasionar lafet lüləsi, 6 ədəd orta artımlı köpük generatoru və 2 ədəd dozalaşdırıcı vardır.

Tozla od söndürən yanğın avtomobilləri kimya və neftayırma sənayesində, atom enerji obyektlərində, eləcə də hava limanlarında və uçan aparatlarda baş verə biləcək yanğınların söndürülməsində istifadə edilir. Avtomobil üzərində quraşdırılmış rotasiyalı vakkum nasos vasitəsi ilə toz çənində seyrəklik yaradılır və seyrəklik hesabına çən tozla doldurulur.

Uçan aparatlarda baş vermiş yanğınları söndürərkən yanğın yenidən alışa bilər. Bu səbəbdən yanğınlar tozla lokallaşdırılır və köpüklə tamamilə söndürülür. Belə mürəkkəb yanğınların söndürülməsində kombinə edilmiş yanğın avtomobillərindən istifadə edilir. Həmin avtomobillər su, köpük əmələ gətirən maddə və toz ehtiyatı çənlərinə və həmin maddələri yanğın yerinə vurmaq üçün kommunikasiyalara malik olur. 

Sənaye obyektlərində baş vermiş yanğınların söndürülməsində sənaye yanğın avtomobilləri tətbiq olunur. Hal-hazırda yanğından mühafizə qurumlarında TLF WFT 60/40-60 markalı sənaye yanğın avtomobilləri uğurla tətbiq olunur.

Müxtəlif şəraitdə yanğınların söndürülməsi zamanı döyüş əməliyyatlarının müəyyən növünü həyata keçirmək üçün xüsusi yanğın avtomobilləri tətbiq edilir. Xüsusi yanğın avtomobilləri təkcə yanğınları söndürmür, həm də yanğınlarda xüsusi işləri görür.  Belə ki,  yanğın avtonərdivanları və dirsəkli qaldırıcılar xüsusi yanğın avtomobilləri sırasında ən əhəmiyyətli rola malikdir. Bu avtomobillərin tətbiqi ilə hündürlükdə insanların və qiymətli əşyaların xilasetmə işləri aparılır, yanğınsöndürənlər və yanğın-texniki avadanlıqlar hündürlüyə qaldırılır, odsöndürücü maddələr hündürlüyə verilir. Dövlət Yanğından Mühafizə Xidmətinin balansında 30 və 42 metr uzunluqlu nərdivan dəstinə malik olan yanğın avtonərdivanları tətbiq olunur.

Dirsəkli yanğın avtoqaldırıcılarının texniki imkanları yanğın avtonərdivanlarına nisbətən daha genişdir. Belə ki, dirsəkli qaldırıcılar daha çox hündürlüyə qalxa bilir və onlar yanğınların söndürülməsində və xilasetmə  işlərində dirsək uzunluqda manevr imkanlarına malik olur. Dövlət Yanğından Mühafizə Xidmətinin balansında 30, 50 və 68 metr uzunluqlu dirsək dəstinə malik olan dirsəkli yanğın avtoqaldırıcıları tətbiq olunur. Azərbaycan Dövlət Neft Şirkəti obyektlərinin yanğından mühafizəsini həyata keçirən hissələrdə isə 54 və 104 metr hündürlüklü dirsəkli yanğın avtoqaldırıcıları tətbiq olunur.

Qazdan-tüstüdən mühafizə xidmətinin yanğın avtomobili yanğın yerinə döyüş hesabı, tüstü izoləedici vasitələr, nəfəs orqanlarını mühafizə edən fərdi vasitələr, xüsusi kəşfiyyat alətləri və s. gətirir.

Tunellərdə və bağlı məkanlarda baş vermiş yanğınların söndürülməsində tüstüqovucu avtomobillərdən istifadə olunur. Belə avtomobillər pərli qurğunun köməyilə su ilə birlikdə nəmli hava yaradaraq tüstünü əməliyyat sahələrindən kənarlaşdırır.

Qeyd olunanlardan başqa yanğın yerinə 2000 metr müxtəlif diametrli yanğın şlanqları gətirən və onların uzaq məsafəyə çəkilməsini həyata keçirən yanğın avtomobilləri də tətbiq olunur ki, bunlar da yanğın-şlanq avtomobilləri adlanır.

Yanğın yerinə əlavə yanğın-texniki ləvazimatlar və davamlı yanğınlar zamanı şəxsi heyəti qida məhsulları ilə təmin edən, yanğın yerinə vəzifəli şəxsləri gətirən, yanğın yerində işləyən yanğın avtomobillərini yanacaqla dolduran avtomobillər və yanğınların söndürülməsinə mane olan əşyaları yanğın sahəsindən kənarlaşdıran avtokranlar köməkçi yanğın avtomobili rolunda çıxış edir.

FHN Dövlət Yanğından Mühafizə  Xidmətinin Texnika şöbəsi, 

İctmaiyyətlə əlaqələr və  təbliğat sektoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)