Quraqlıq və ona qarşı mübarizə tədbirləri

Quraqlıq - yaz və yay aylarında yağıntının normadan çox aşağı və havada temperaturun normadan xeyli artıq, rütubətliliyin isə xeyli aşağı olduğu uzun müddətli bir dövrdür. Bu dövrdə torpaqdakı rütubət ehtiyatı fiziki buxarlanma və transpirasiyaya (bitkilərlə buxarlanmaya) sərf olunaraq ən aşağı nəmlik tutumuna qədər azalır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, onlarda normal fotosintez prosesi pozulur, nəticədə məhsuldarlıq azalır və ya tamamilə məhv olur.

Quraqlığın üç növünü fərqləndirirlər: 1) torpağın quraqlığı, yəni torpağın nəmliyinin ən aşağı nəmlik tutumu həddində olması; 2) havada nisbi rütubətin kəskin surətdə azalması; 3) havanın quruluğu ilə əlaqədar torpağın quruluğudur.

Quraqlıq Yer kürəsində getdikcə daha böyük əraziləri əhatə edir. Dünya miqyasında havaların tədricən istiləşməsi əkinə yararlı torpaqların və otlaq sahələrinin azalmasına səbəb olur. Bu da öz növbəsində dünyanın çox yerində, quraqlıq dövründə yaşıllıqların, meşəliklərin geniş şəkildə susuzluqdan yanaraq sıradan çıxması, bəzi hallarda isə meşələrdə, əkin və otlaq sahələrində güclü yanğınların baş verməsi ilə nəticələnir, eyni zamanda bu dövrdə əsən quru küləklər yanğın təhlükəsini xeyli artırır. Quraqlıq dövründə meşə yanğınları baş verdikdə artıq meşə örtüyünün bərpası mümkün olmur, tədricən meşəliklər çöllüklərlə əvəz olunur. Bundan başqa, dünyanın əksər regionlarında əkinçilik təsərrüfatlarının inkişafı bilavasitə su və hava amilindən asılı olduğu üçün havaların qeyri-adi dərəcədə istiləşməsi Yer kürəsinin yağıntıların az düşdüyü hissələrində buxarlanma ilə əlaqədar yerüstü suların miqdarının azalması və eyni zamanda, yeraltı suların səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnə bilər ki, bu da öz növbəsində qlobal miqyasda quraqlığın (səhralaşmanın) təşəkkül tapmasını şərtləndirə bilər.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə Yer kürəsi ərazisinin 85%-i quraqlığa məruz qalmışdır ki, bu da quraqlığın davam etdiyi ölkələrdə yoxsulluq və aclığa zəmin yaratmışdır. Hazırda planetdə ekoloji miqrantların sayı artıq 24 milyonu keçmişdir və 2050-ci ilədək onların sayının sürətlə artacağı proqnozlaşdırılır.

Kənd təsərrüfatı baxımından quraqlıq uzun müddət ərzində yer səthinə yağıntıların düşməməsidir. Quraqlıq keçən dövrdə havanın temperaturu yüksək, nisbi nəmliyi isə olduqca aşağı olur. Bununla əlaqədar olaraq kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə suvarma rejimində dəyişikliklər aparılır, yəni suvarmaların sayı və suvarma norması artırılır.            

Quraqlıq ən çox iqtisadi itkilər törədən fəlakətlərdən biridir və mövcud olan bütün təbii fəlakətlərdən zərərçəkənlərin sayına görə ən təhlükəli fəlakətlər sırasına daxildir.

Azərbaycanın düzənlik və dağətəyi bölgələri üçün də quraqlıq olduqca təhlükəli təbii hadisələrindən biri hesab edilir. Qeyd edilən bölgələrdə yaz və yay aylarında yağıntıların düşmədiyi illər quraq keçir.

Quraqlıq keçən illərdə yağıntıların az düşməsi ilə əlaqədar olaraq dağətəyi bölgələrin bir çox çayları quruyur və nəticədə kənd təsərrüfatı bitkilərinin, otlaqların və meyvə bağlarının suvarılması üçün yerüstü suvarma suları tələbatı ödəmir. Bu dövrdə yeraltı suların yerüstü sular hesabına qidalanması da kəskin şəkildə azalır. Vegetasiya dövründə kənd təsərrüfatı əkinlərinin suya olan tələbatı əsasən yeraltı şirin və az minerallı sular hesabına ödənilir.

Aparılmış hesablamalar göstərmişdir ki, Azərbaycanda yeraltı suların içmək və məişət xidmətləri üçün istifadəsi ümumi hasilatın 20-23%-ni təşkil edir. Bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə isə təxminən 80%-ə bərabərdir. Quraqlıq keçən illərdə bu həcm bəzən 90 %-ə çatır ki, bu da vegetasiya dövründə yeraltı suların istismar ehtiyatlarının kəskin şəkildə azalması və qrunt suları səviyyəsinin mütəmadi olaraq aşağı enməsi ilə nəticələnir.

Quraqlıq dövründə dağlıq bölgələrə düşən yağıntıların miqdarı da kəskin şəkildə azalır. Bu da bulaqların sululuğuna (sərfinə) öz mənfi təsirini göstərir. Nəticədə iri çayların dağlıq ərazilərdən axan qollarında suyun sərfi minimuma enir ki, bu da dağətəyi bölgələrdə çayların sululuğunun kəskin şəkildə azalmasına gətirib çıxarır.

Quraqlıq yaradan amillərdən biri də quru küləklərdir. Quru küləklər Azərbaycana Orta Asiyadan şərq və cənub, cənub-şərq istiqamətli isti hava kütlələrinin axması, eyni zamanda, cənubdan və cənub-qərbdən tropik hava kütlələrinin daxil olması nəticəsində əmələ gəlir. Belə küləklər əsən dövrdə torpaq-qruntun nəmliyi kəskin şəkildə azalır. Quraqlıq və quru küləklər olan müddətdə bitkilərin transpirasiya fəaliyyəti artır. Bu dövrdə bitkiləri əhatə edən mühit çox isti olduğundan və qrunt sularının səviyyəsi kəskin şəkildə aşağı düşdüyündən bitkilərin kök sistemi yerüstü hissəsinə nəmliyi çatdıra bilmədiyi üçün onların vəziyyəti kəskin dəyişir, rütubət balansı pozulur, yarpaqlar bürüşür, qönçə və çiçəklər quruyaraq tökülməyə başlayır.

Quraqlığa qarşı mübarizə məqsədi ilə respublikanın düzənlik və dağətəyi bölgələrində - əkin sahələrində aqrotexniki tədbirlər sistemi həyata keçirilir. Sahələrdə su balansını nizama salmaqla tarlaları quraqlıqdan və quru isti küləklərdən, torpağın səthindəki münbit təbəqəni küləklər vasitəsi ilə sovrulmaqdan, yağış suları ilə yuyulub aparılmaqdan qorumaq işində tarla-qoruyucu ağacların əkilməsinin böyük rolu vardır. Tarlaqoruyucu meşə zolaqları küləyin sürətini azaldır, hərəkət edən havanın quruluğunu və istiqamətini bir qədər dəyişir, torpaqda nəmliyin saxlanılmasına, havada isə rütubətin artmasına təsir edir.

Tarlalarda torpağın nəmliyini artırmaq məqsədilə dondurma şumu və qış aratı aparılmalıdır. Səpinə qədər torpaqda normal nəmliyi saxlamaq üçün yumşaltma, alaq otları ilə mübarizə və dırmıqlama kimi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

Quraqlığa qarşı mübarizə məqsədilə düzənlik və dağətəyi bölgələrdə süni sututarlar (su anbarları, gölməçələr, su hovuzları) yaradılmalıdır. Güclü yağışlar yağan dövrlərdə çaylarda daşqınların qarşısını almaq və eyni zamanda, su ehtiyatı yaratmaq məqsədilə sel suları bu cür sututarlarda toplanılmalı və quraqlıq vaxtlarda kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədi ilə istifadə edilməlidir. Suvarma torpaqda çatışmayan nəmliyi tamamlayır və lazımi dərəcəyə çatdırır, eyni zamanda torpağın münbitliyini yüksəldir, suvarılan ərazidəki mikroiqlimi yaxşılaşdırır, torpağın fiziki-kimyəvi, istilik və bioloji xüsusiyyətlərini əlverişli istiqamətdə dəyişdirir, bunların nəticəsində isə bitkilərin inkişafına müsbət təsir göstərməklə məhsulu artırır. Quraqlıq dövründə aparılan suvarma zamanı günəş enerjisinin çox hissəsi havanı qızdırmağa yox, əkin sahəsindən olan fiziki buxarlanmaya və bitkilərlə transpirasiyaya sərf edilir. Bunun nəticəsi olaraq suvarılan sahə üzərində havanın temperaturu aşağı düşür, nisbi rütubəti isə yüksəlir. Bununla da torpağın deqradasiyasının və səhralaşmasının qarşısı qismən də olsa alınır.

Azərbaycanda quraqlığa qarşı mübarizədə süni suvarma üsullarından geniş və səmərəli surətdə istifadə olunmalıdır. Bu məqsədlə səth, yağışyağdırma, dispers su damcıları (aerozol), yeraltı (torpaqdaxili), damcı və subirriqasiya kimi suvarma üsulları tətbiq edilməlidir.

Suvarılmayan və əkinə yararsız şorlaşmış torpaqlarda quraqlıqla əlaqədar səhralaşmanın qarşısının alınması məqsədi ilə torpaq sahələri hamarlanmalı, kollektor-drenaj və suvarma sistemləri tikilməli, şoran torpaqlar drenaj fonunda duzlardan yuyulmalı və kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yararlı hala salınmalıdır. Bir neçə il ərzində drenaj fonunda və suvarma şəraitində mineral gübrələr verməklə, eyni zamanda növbəli əkin tətbiq etməklə duza davamlı bitkilər əkilməlidir.

 

FHN Fövqəladə Halların

Xəbərdar Edilməsi Baş İdarəsi

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)