Sel və onu törədən amillər

Sel insanların tez-tez rastlaşdığı təbiət hadisələrindən biridir. İnsanların həyat və sağlamlığına, həmçinin iqtisadiyyata vurduğu zərərin dərəcəsindən asılı olaraq bu təbiət hadisəsi bəzən ağır faciələr kimi də qiymətləndirilə bilir. Belə ki, sellər evləri, körpüləri yuya, əkin sahələrini yararsız vəziyyətə sala, ağacları kökündən çıxara, insan və heyvanların ölümünə səbəb ola bilir. Selin yaranma səbəbləri müxtəlifdir. Bu səbəblər sırasında meteoroloji faktorlar mühüm rol oynayır. Selin baş verməsinə səbəb olan əsas amilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Güclü yağış selin baş verməsinin əsas səbəblərindəndir. Belə ki, bu, uzunmüddətli, yaxud da qısa, lakin həddən artıq çox, intensiv yağışın yağması nəticəsində baş verir. Bu kimi sellər əsasən aşağı en dairələri üçün xarakterikdir və demək olar ki, belə ərazilərdə mütəmadi olaraq hər il bu hadisəni müşahidə etmək olur. Bundan əlavə, musson iqlimli rayonlarda da bu qaynaqlı sel hadisələrinə rast gəlinir. Qüvvətli yağmurlardan sonrakı bir neçə saat içində əmələ gələn sellər ani sellər adlanır. Bu tip sellər dağlıq bölgələrdəki kiçik çayların ani və qüvvətli bir yağmura məruz qalmalarıyla meydana gəlir və çox sürətli bir şəkildə ən yüksək səviyyəyə qədər çatır. Selin təhlükəlilik xüsusiyyəti təkcə onun dağıdıcı olması ilə deyil, həmçinin gözlənilmədən, birdən baş verməsi ilə əlaqədardır. Güclü axın nəticəsində dağlarda meydana gələn selin dağətəyi zonalara çatmasına qədər 20-30 dəqiqə belə yetir.

Selin meydana gəlməsinə səbəb olan hallardan biri qar və buz yığınının sürətlə əriməsidir. Orta en dairələrində qarlı qışdan sonra gələn bahar fəsli bu təhlükəni kritik dərəcədə artırır. Bu vəziyyət yay aylarında da baş verə bilər. Belə ki, dağlarda buzlaqların sürətli əriməsi dağ çaylarında, hətta yay aylarında da sel hadisəsinə səbəb olur.

Sellərin baş vermə səbəbləri sırasında antropogen xarakterli faktorlar mühüm rol oynayır. Bunların arasında meşə zolaqlarının yox edilməsi, kənd təsərrüfatının qeyri-səmərəli istifadəsi, bitki örtüyünün azalması kimi amilləri qeyd etmək olar. Məhz bu xarakterli insan fəaliyyəti sel təhlükəsinin dərəcəsini daha da artırmış olur.

Selə səbəb olan, lakin çox nadir hallarda baş verən hadisələrdən biri də anbarların çökməsi və daşmasıdır.

Yeraltı suların torpaq üstünə çıxaraq alçaq yerləri basması da sel hadisəsinin əmələ gəlmə səbəblərindəndir.

İnsan həyatına və fəaliyyətinə çox ciddi zərər vuran sellərə qarşı bir sıra qabaqlayıcı tədbirlər görmək mümkündür. Bunların sırasına:

- Mövcud meşələri inkişaf etdirmək və çılpaq sahələrdə çoxlu ağac əkmək.

- Sel ola biləcək yerləri məskünlaşdırmamaq.

- Axar suları istiqamətləndirə bilmək üçün anbarlar, bəndlər, su kanalları və s. tikmək.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)