Aerozol infeksiyaları

Qrip

Qrip - ən geniş yayılmış xəstəliklər sırasına aiddir. Bu xəstəlik kütləvi xəstələnmə hallarına - epidemiyalara, hətta pandemiyalara (bir neçə kontinentdə baş verən kütləvi xəstələnmə halı) səbəb olur. Hər il 500 milyon insan bu xəstəliyə yoluxur və onlardan 2 milyonu ölür. 1918 - 1920-ci illərdə yayılmış qrip infeksiyası bir neçə kontinenti tam əhatə etmiş və 20 milyon nəfərin ölümü ilə nəticələnmişdir. Bu pandemiya zamanı xəstəlik ildırım sürətli keçdiyindən, pnevmaniya və ağ ciyər ödemi ilə fəsadlaşdığından yüksək letallıq səviyyəsinə malik olmuşdur.

Qrip virusu dəyişkəndir və hər il orqanizmimizin rast gəlmədiyi yeni yarımnöv formaları (ştammları) ilə yoluxur. Bu səbəbdən yeni virus ştammlara qarşı vaksin ilə tam yoluxmanın qarşısını almaq mümkün deyil.

Qrip - bütün yaş qruplarında təzahür edən, yuxarı və aşağı tənəffüs yollarının zədələnməsi, yüksək intoksikasiya nəticəsində ağır fəsadlarla və ölümlə nəticələnən, kəskin, yüksək yoluxucu qabiliyyətə malik infeksion xəstəlikdir. Xroniki ürək - damar xəstəliklərindən (əsasən anadangəlmə və qazanılmış ürək qüsurları, xüsusən mitral qapağın stenozu), xroniki ağ ciyər xəstəliklərindən, şəkərli diabet xəstəliyindən, böyrək və qan xəstəliklərindən əziyyət çəkən şəxslər, hamilə qadınlar, immun sistemi tam formalaşmamış 2 yaşadək uşaqlarda, immun sistemin zədələnməsi ilə keçən xəstəliklərin fonunda (anadangəlmə immundefisit və HİV) və qocalarda qrip xəstəliyi daha tez-tez baş verir.

Qrip yoluxma yollarına, kliniki əlamətlərinə görə KVRİ-na (kəskin respirator virus infeksiyasına) bənzəyir, lakin bunlar belə deyil. Qrip KVRİ-dən fərqli olaraq yüksək intoksikasiya ilə ağır gedişə malikdir və müxtəlif ağırlaşmalarla nəticələnir.

İnfeksiya mənbəyi xəstə insan hesab edilir. Digər aerozol infeksiyalar kimi ağız suyu, bəlğəm və s. ilə birgə havaya asqirmaq, öskürmək və adi danışıq zamanı xaric olur. Həssas orqanizmə daxil olmuş virus yuxarı tənəffüs yollarının selikli qişasına daxil olur və bir neçə saat ərzində çoxalaraq, yuxarı tənəffüs yollarının bütün selikli qişasını zədələyir.  

Qrip zamanı inkubasion dövr yoluxmadan ilkin əlamətlərin əmələ gəlməsinədək çox qısadır(12-48 saat). Qrip hər zaman kəskin başlayır və xəstə çox vaxt xəstələnmə saatını belə xatırlamır. Qrip xəstəliyi yüngül, orta ağır və ağır gedişli olur.

 

Klinik ƏlamƏtlƏri

Qrip xəstəliyi gedişindən asılı olmayaraq intoksikasiya və kataral əlamətlərlə keçır. İntoksikasiya əlamətləri:

-Yüksək hərarət; yüngül formada 380 C-dək, orta ağır gedişdə 39- 400 C-dək, ağır gedişdə 400 C və yuxarı göstəricilərlə keçir.

-Üşütmə

-Baş ağrıları - xüsusən alın və göz nahiyələrində ·əzələ ağrıları - əsasən bel, ayaq əzələlərində və oynaqlarda

-zəiflik

-əzginlik

-iştahin zəifləməsi

-ürəkbulanma və qusma baş verə bilər.

Kəskin intoksikasiya əlamətləri 5 günədək davam edir. Bəzi hallarda hərarətin daha çox saxlanması bakterial floranın qoşulması ilə baş verir.

Kataral əlamətlər orta hesabla 7-10 gün  davam edir:

-zökəm

-boğazda ağrı

-quru öskürək - ağırlaşma olmadıqda

-səsin tutulması

-gözlərin yaşarması

Qripin aşağıda sadalanan əlamətlərin və digər həyəcan oyadan əlamətlərin təzahürü zamanı həkimə müraciət etmək lazımdır.

-Hərarətin 400 C və daha çox olması

-Hərarətin 5 gün və daha çox saxlanması

-Ağrıkəsici dərmanların təsirindən səngiməyən baş ağrıları

-Təngnəfəslik və ya tənəffüsün tezləşməsi

-Qıc olma

-Dəridə hemorrogik səpgilərin əmələ gəlməsi

 

(ardı var)

 

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)