Hepatitlər

Hepatit-bu xəstəlik qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən  patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən - virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan - kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn - mexaniki hepatitlər və s. aiddir.

Kəskin hepatitlər - şüalanma nəticəsində bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər.

Toksik hepatitlər - müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə əlaqədar olaraq meydana çıxan və onun funksiyasını zədələyən prosesdir.

  Virus hepatitləri (hepatitis viralis) - hepatotrop viruslar tərəfindən törədilən, yalnız insanlarda xəstəlik törədən infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional,  üzvi, destruktiv dəyişiklərini özündə cəmləşdirir. Bunlara əsasən virus hepatitlərə: A, B, C, D, E və nisbətən az rast gəlinən F və G aiddir. Bunlar bir-birindən törətdiyi xəstəliyin kəskinliyi və  yayılma yolları ilə fərqlənirlər. 

Hepatit virusları niyə təhlükəlidir:

- Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsi var 

- Bu rəqəm İİV/QİÇS yoluxmasından 10 dəfə çoxdur

- Planetdə hər üç nəfərdən biri bu viruslardan birinə yoluxur

- Hepatit C və B virusları qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi təhlükəli xəstəliklər törədir

- Bu xəstəlikdən ildə 1,5 milyon və hər 30 saniyədə isə 1 insan dünyasını dəyişir

- Yoluxan 500 milyon insandan əksəriyyətinin bundan xəbəri yoxdur

Məhz buna görə də virus hepatitləri probleminin aktuallığını bir daha vurğulamaq, həlli yollarını axtarmaq və problemə dair digər çoxsaylı məsələləri müzakirə etmək məqsədi ilə hər il bütün dünyada 19 may - Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.

Hepatit B - yalnız insanlarda xəstəlik törədən infeksiyalardan olub, müxtəlif klinik-patoqnomik variantlarda inkişaf edir. Xəstə insanın qanı və ya daxili mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olma nəticəsində HBV ilə yoluxma mümkündür, müxtəlif cərrahi müdaxilələr, qan və onu əvəz edən preparatların yeridilməsi, yaxşı sterilizasiya olunmamış alətlər vasitəsilə yoluxur. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur.

Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Vaxtında aşkarlanıb müalicə olunmasa,  xroniki hepatit inkişaf edir, o da öz növbəsində qara ciyər sirrozuna və qara ciyər xərçənginə gətirib çıxara bilər.

Hepatit B infeksiyası üçün risk qrupları bunlardır:

a) Səhiyyə işçiləri,

b) Çox sayda qan köçürmə edilən xəstələr,

c) Hemofiliyalı və hemodiyaliz olunan  xəstələr,

d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,

e) Homoseksual və biseksual kişilər,

f) Damar daxili narkotik istifadə edənlər,

g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yataqxana və həbsxana kimi yerlərdə yaşayanlar,

h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.

  Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən alınan virus miqdarına və insanın immun sisteminin müqavimətindən asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişir. Əsas şikayətləri iştahın zəifləməsi, ürəkbulanma və qusma, ümumi zəiflik və yorğunluq, qarında, xüsusilə də sağ qabırğaaltı nahiyədə ağrılar, sidiyin rənginin tündləşməsi, dəri və gözün selikli qişasında saralma, oynaqlarda ağrılardır. Heç bir əlamət olmasa belə Hepatit B ilə yoluxmusunuzsa, o, qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən  sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə mütləq müayinə olunun. Bununla həm özünüzü, həm də yaxınlarınızı qorumuş olarsınız.

  Qaraciyər heyrətamiz regenerasiya qabiliyyətinə malikdir və istənilən zədə  zamanı özünü tez bir zamanda bərpa edir. Bərpa dövründə qaraciyərin sağlam hüceyrələri sıradan çıxmış hüceyrələrin də yükünü öz üzərlərinə götürürlər.  Qəribədir ki, Hepatit virusları ilə zədələnmə zamanı regenerasiya əvəzinə qaraciyərdə birləşdirici toxuma əmələ gəlir və sirroz inkişaf edir. Bu prosesin səbəbləri elmə hələ də tam məlum deyil.

   Hepatit B infeksiyası kəskin və xroniki ola bilər. Kəskin Hepatit B altı aydan az, xroniki isə altı aydan çox davam edir. Kəskin infeksiya zamanı bədənin immun sistemi bir çox hallarda virusu bədəndən xaric edir və xəstə bir neçə ay müddətində tam sağala bilir. Bəzən bədənin immun sistem virusu tam məhv edə bilmir və virus həyat boyu orqanizmdə qalmış olur. Belə hallarda sirroz və qaraciyər xərçəngi kimi xəstəliklər inkişaf edə bilir.

  Hepatit B ilə yoluxan yaşlı insanların çoxunda infeksiya kəskin başlayır və əsasən tam sağalma ilə yekunlaşır. Amma yeni doğulmuş və uşaqlarda vəziyyət fərqlidir. Belə ki, doğuş zamanı və ya 1-5 yaş arasında Hepatit B ilə yoluxmuş uşaqlarda xəstəlik xroniki xarakter alır. Xroniki infeksiya illər ərzində aşkarlanmadan keçə bilir. Belə hallarda yalnız ciddi qaraciyər xəstəliyi yaranan zaman aparılan müayinələr Hepatit B müəyyən edir.

Yoluxma yolları

- Cinsi yolla. Qoruyucu vasitələrdən isitadə etməməklə cinsi əlaqə zamanı yoluxmuş tərəf-müqabilin qanı, ağız suyu, sperması və ya vaginal sekresiyası bədənə daxil olarsa (vaginal, oral və anal boşluq vasitəsilə) Hepatit B virusunun ötürülmə ehtimalı yaranır. Virus düşdüyü boşluqda mövcud olan kiçik zədələnmələr və sıyrıntılardan qan dövranına daxil olur.

- İynənin müştərək istifadəsi. Yoluxmuş qan ilə çirklənmiş iynə və şprislərin təkrar istifadəsi zamanı Hepatit B virusu asanlıqla ötürülə bilir. Həm iynənin müştərək istifadəsi, həm də riskli cinsi əlaqə qrupuna aidolma Hepatit B ilə yoluxma ehtimalını daha da artırır.

- Təsadüfi iynənin batması yolu ilə. Xəstəxanada çalışan personalın qanla  tez-tez təmasda olduqları üçün Hepatit B ilə yoluxma halları mümkündür. Belə təhlükə qarşısında olan insanların B hepatitinə qarşı vaksinasiyası daha məqsədəuyğundur.

- Anadan uşağa yoluxma. Hepatit B-yə həmiləlik zamanı yoluxmuş ana virusu övladına ötürə bilər. Əgər anada Hepatit B virusu varsa, doğuş zamanı uşaq peyvənd olunarsa onun yoluxması riski azalır.

(ardı var)

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)