Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd top mərmisidir. Mərmi ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.
Sumqayıt şəhərində "Opel" markalı minik avtomobilinin ön hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Saatlı rayonunun Azadkənd kəndində həyətyanı sahədə 75 ton ot bağlamasının 35 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.