Geri

29 sentyabr 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda avarlı qayıqla dənizə çıxmış 1 nəfər havanın küləkli olması səbəbindən təhlükə ilə üzləşmiş və “Türkan” sularda xilasetmə postundan, təxminən, 400 m aralıda, nəzarət olunmayan ərazidə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilmiş, qayıq yedəyə alınaraq sahilə gətirilmişdir. Əməliyyat saat 09:45-də başa çatmışdır;

Qəbələ rayonu, Bum qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışdır. Əməliyyat saat 18:28-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qazıqumlaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü - 1965-ci il təvəllüdlü Fazil Xıdır oğlu Kərimov və 1 nəfər sərnişin ölmüşdür. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış F.Kərimovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 02:50-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Tovuz rayonu, Aşağı Quşçu kəndində Qazax-Bakı dəmiryolunun 117-ci kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin texniki nasazlıq səbəbindən Qazax-Bakı istiqaməti ilə hərəkət edən yük qatarının yolunda qalması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Nəticədə, avtomobilin yanar hissələri yanmış, xəsarət alan olmamışdır. Qatar yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Vel kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.