Geri

28 mart 2011-ci il, saat 18:30-dək

28 mart 2011-ci il tarixində saat 13:54-də Xəzər dənizi sahilindən 6-10 km aralıda güclü külək nəticəsində balıqçı qayığının çevrilməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopterlə xilasedicilər göndərilmişdir. Axtarış-xilasetmə əməliyyatları zamanı dənizdən Lənkəran rayon sakini 1977-ci il təvəllüdlü  Babayev Nurid Əziz oğlu sağ, həmin rayonun digər sakini 1957-ci il təvəllüdlü Mehbalıyev Fazil Nadir oğlunun isə cəsədi helikopterlə qaldırılaraq sahilə çıxarılmışdır. Hazırda xilasedicilər tərəfindən dənizdə itkin düşmüş Lənkəran rayon sakini-1957-ci il təvəllüdlü Həmidov Seyfulla Eynulla oğlunun tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

28 mart 2011-ci il tarixində Şamaxı rayonunun Göylər kəndi ərazisində kol-kosun yanması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunmuşlar. Yanğın söndürülərkən yanğınsöndürənlər tərəfindən həmin ərazidən 2 ədəd "AKS" və "AKM" markalı avtomat silahlar, 6 ədəd "RQD-5" əl qumbarası, 4 ədəd 5.45-7.62 ölçüdə güllə darağı aşkar edilmişdir. Aşkar edilmiş silah-sursat aidiyyəti üzrə polis orqanlarına təhvil verilmişdir.