Geri

24 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 3-cü mərtəbəyə qaldırmış və qapısını açaraq zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:25-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi texnika  vasitəsilə qalxaraq beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:13-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda yanğın nəticəsində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mağazada 1 otağın yanar konstruksiyaları içərisinə yığılmış mallarla birlikdə 5 kv.m sahədə yanmışdır. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 6 kv.m sahədə məişət tullantıları yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tüfeyli həyat tərzi keçirən 1 nəfəri xilas etmişlər. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ondördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində elektrik lövhəsi və elektrik kabellərinin 60 p.m hissəsi yanmışdır. Yanğın saat 01:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Kürdəmir rayonunda Bakı-Gəncə avtomobil yolunun 212 kilometrliyində "FİAT" və "LAND ROVER" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, "FİAT" markalı avtomobilin mühərrik hissəsi və salonu qismən yanmış, sürücü və 2 sərnişin yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğın saat 04:15-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.