Geri

30 dekabr 2011-ci il, saat 09:00-dək

Qəbələ rayonu ərazisində, Qəbələ-İsmayıllı avtomobil yolunda “Ford” markalı yük avtomobili və “Mercedes” markalı betonqarışdıran maşın toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, yük avtomobilinin sürücüsü - 1957-ci il təvəllüdlü İttifaq Səfər oğlu Müttəhirov və sərnişini - 1985-ci il təvəllüdlü Elnur İttifaq oğlu Müttəhirov hadisə yerində ölmüş, digər nəqliyyat vasitəsinin sürücüsü yaralanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər İ.Müttəhirov və E.Müttəhirovun cəsədlərini xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, yaralıya ilkin tibbi yardım göstərmiş, habelə ərazidə zəruri təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:30 radələrində başa çatmışdır;  

Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 13:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan ikimərtəbəli 4 otaqlı evdə tavanın yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ev sahibinin oğlu - 1995-ci il təvəllüdlü Orxan Qoşqar oğlu Aslanov ölmüşdür. O.Aslanovun cəsədi yanğınsöndürənlər çatana kimi qardaşı tərəfindən evdən çıxarılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Mənzilə baxış keçirən xilasedicilər orada heç kimin olmadığını müəyyən etmişlər. Əməliyyat saat 21:27-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 9-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:58-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda Biləcəri stansiyasının ərazisində ümumi sahəsi 50 kv.m olan xidməti otaqda dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın zamanı tövlədə olan 28 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda “Audi” markalı minik avtomobili kanalizasiya borusunun çəkilməsi ilə əlaqədar qazılmış xəndəyə düşmüşdür. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə olan 2 nəfər yaralanmış və vətəndaşların köməkliyi ilə aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:49-da başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 29 dekabr 2011-ci il tarixində içərisində 3 nəfərin olduğu qayıq Siyəzən rayonu yaxınlığında dənizə çıxmış və naməlum şəraitdə qəzaya uğramışdır. Bildirilmişdir ki, 1964-cü il təvəllüdlü Ağayar Əbiyaz oğlu Manafov və 1981-ci il təvəllüdlü Aydın Məhəmməd oğlu Məmmədovun cəsədləri, habelə qayıq sahildə sakinlər tərəfindən tapılmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri itkin düşmüş 1969-cu il təvəllüdlü Rahib Mənsum oğlu Əliyevin axtarışlarına cəlb olunmuşlar. 30 dekabr 2011-ci il tarixində saat 07:45-də R.Əliyevin cəsədi tapılmış və aidiyyəti üzrə təhvil verilmişdir.