Geri

29 noyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:05-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus avtomobil təmiri sexində təmirə dayanmış "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 12:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mebel təmiri sexinin yanar konstruksiyaları 35 kv.m sahədə içərisində olan mebel məmulatları ilə birlikdə yanmışdır. Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Sexin qalan hissəsi, mənzillər və qonşu obyektlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan enərək daxil olmuşlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:40-da başa çatmışdır;

Cəlilabad rayonu, Xəlilli kəndində (rayon mərkəzindən 15 km aralı) ümumi sahəsi 350 kv.m olan birmərtəbəli orta məktəb binasında sinif otağının və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və mətbəx mebeli 8 kv.m sahədə yanmışdır. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.