Geri

FHN-nin nümayəndə heyəti Belarusda rəsmi səfərdə olmuşdur

Noyabrın 23-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ilə Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olmuşdur. Görüş zamanı iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar barəsində geniş fikir mübadiləsi aparılmışdır.

Sonra Belarus Respublikasının yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin təchizatı ilə tanış olan Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitələri barədə məlumat verilmişdir.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Minskdə Belarus FHN-nin Mühəndis-Komandirlər İnstitutunda təhsil alan azərbaycanlı müdavimlərlə də görüşmüşdür.

Səfərin yekunu olaraq, "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında 17 oktyabr 2006-cı il Minsk şəhərində imzalanmış Sazişin həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün tədbirlərin Kompleks Planı" imzalanmışdır.

Geri

26 noyabr 2010-cu il, saat 12:00-dək

Bərdə rayonu, Ləmbəran kəndində (rayon mərkəzindən 34km aralı) ümumi sahəsi 140kv.m olan 5 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 100kv.m sahədə yanmışdır. Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 1600kv.m olan üçmərtəbəli məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 54kv.m olan sinif otağının döşəməsinin yanar konstruksiyaları 2kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər məktəb binasının 2-ci və 3-cü mərtəbələrindən 100 nəfər şagirdin təxliyyəsini həyata keçirmiş, binanı isə yanğından mühafizə etmişlər. Yanğın saat 10:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 noyabr 2010-cu il, saat 09:00-dək

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları əşyalarla birlikdə 10kv.m sahədə yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Salyan avtomobil yolunun 23-cü kilometrliyində "BMW" markalı minik avtomobili və "DAEWOO" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü İlqar Seyfəddin oğlu Məhərrəmov həlak olmuş, həmin avtomobilin yanar hissələri isə yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

İsmayıllı rayonu, Diyallı-Güyüm Kənd Bələdiyyəsinə məxsus ərazidə (rayon mərkəzindən 17km aralı) 2ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90kv.m olan dəhlizin yanar konstruksiyaları 10kv.m sahədə yanmışdır. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonunda Bakı-Quba avtomobil yolunun 108-ci kilometrliyində ikimərtəbəli "İkarus" markalı avtobusun salon hissəsi içərisinə yığılmış mallarla birlikdə yanmışdır. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:55-də başa çatmışdır;  

Mingəçevir şəhərində ümumi sahəsi 80kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən şəhərində ikimərtəbəli yataqxana binasının sonuncu mərtəbəsində ümumi sahəsi 24kv.m olan mənzildə tavanın yanar konstruksiyaları 5kv.m sahədə yanmışdır. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.