Geri

22 noyabr 2009-cu il, saat 09:00-dək

Bərdə rayonunda ümumi sahəsi 15 kv.m. olan 1 otaqlı fərdi yaşayış evində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, hadisə zamanı evdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yaralılar xəstəxanaya yerləşdirilmişdir. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Beyləqan rayonu, Mayak kəndi ərazisində qəzaya uğramış avtomobil su kollektoruna düşmüşdür. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər qəza zamanı avtomobildə olan 1985-ci il təvəllüdlü Rusif Yusif oğlu Ələkbərovun cəsədini batdığı yerdən 100m aralıda aşkarlayaraq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:07-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda 2 uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Xilasedicilər mənzildə olan uşaqları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:16-da başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ruhi xəstə olan 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər onmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə aşkarlanmış həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:00-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda avtomobil dayanacağın ərazisində 2 ədəd "Mercedes-Benz" və 1 ədəd "Toyota" markalı minik avtomobilinin yanar hissələri tamamilə, "Tofas", "Nissan", "Hyundai", "Opel", "Mercedes-Benz", "BMW" və "Ford" markalı minik avtomobilləri isə qismən yanmışdır. Dayanacaqdakı digər avtomobillər və yaxınlıqda olan yaşayış binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq gərgin psixoloji vəziyyətdə olan qeyd olunan şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:05-də başa çatmışdır.