Geri

30 Oktyabr 2009-cu il, saat 09:00

Füzuli rayonunda ümumi sahəsi 110 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 35 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda tullantılar arasında içərisində şübhəli əşyalar olan 1 ədəd sahibsiz çanta aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həmin çantaya baxış keçirmiş və orada 13 ədəd  "F-1" əl qumbarası, 14 ədəd əl qumbarası üçün zapal, 2 ədəd 19mm-lik fişəng patronu, 106 ədəd piston, 1 ədəd fişəngi işə salma mexanizmi, 2 ədəd istifadə olunmuş fişəngin arxa hissəsi aşkar olunmuşdur. Aşkarlanmış hərbi silah-sursatlar aidiyyəti üzrə təhvil verilmişdir. Mütəxəssisələr əraziyə təkrar baxış keçirmiş və digər şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 14:33-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda "BMW", "QAZ" və "Hyundai" markalı üç minik avtomobili toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, 1 nəfər xəsarət almışdır. Yaralı xəstəxanaya yerləşdirilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:53-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə lifti 7-ci mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:02-də başa çatmışdır;

Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə damdan enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kim aşkarlanmamışdır. Mənzil xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:00-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda çoxillik ağacın aşma təhlükəsinin yaranması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər hər an baş verə biləcək arzuolunmaz hadisənin qarşısını almaq məqsədilə ağacı hissə-hissə kəsmiş və ağacın kəsilmiş hissələrinin ərazidən daşınmasını təmin etmişlər. Əməliyyat saat 00:00-da başa çatmışdır; 

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən fərdi yaşayış evlərindən birinin həyətinin giriş hissəsində uçqun baş verməsi və köməyə ehtiyacı olan insan faktoru barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, fərdi yaşayış həyətlərinə giriş qapısının tavan hissəsi uçmuşdur. Xilasedicilər hadisə yerinə baxış keçirərkən uçqunlar altında heç kimin olmadığını müəyyən etmiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Ərazi xilasedicilər tərəfindən aidiyyəti qurumların nümayəndələrinə təhvil verilmişdir. Əməliyyat saat 00:01-də başa çatmışdır.