Geri

27 Oktyabr 2009-cu il, saat 09:00

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 11:02-də başa çatmışdır;

Ruhi xəstə olan 1 nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Batma təhlükəsilə üzləşmiş şəxs dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 9-cu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmaqla zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 22:44-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 9-cu mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:12-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 30 kv.m. olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar tamamilə yanmışdır. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda Türkiyə vətəndaşı - 1981-ci il təvəllüdlü Məhəmməd Xalis oğlu Barinin ailəsi ilə birlikdə kirayə qaldığı ümumi sahəsi 22 kv.m. olan 1 otaqlı mənzildə yanğınla davam edən partlayış hadisəsi baş vermişdir. Nəticədə, mənzilin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə tamamilə yanmış, M.Barin həlak olmuş, onun həyat yoldaşı və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.