Geri

“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatmışdır (VIDEO)

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də  sona çatmışdır

Təlimə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunmuşdur. “TENİZ-2018” beynəlxalq kompleks təliminin keçirilməsində əsas məqsəd  fövqəladə hallara effektiv və əlaqələndirilmiş şəkildə reaksiya verilməsi üçün region dövlətlərinə məxsus xilasetmə xidmətlərinin, sahilyanı mühafizə qüvvələrinin, neft şirkətlərinin və digər müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin nümayiş etdirilməsindən ibarət olmuşdur.

Təlim iki mərhələdə keçirilmişdir. Birinci mərhələdə şərti fövqəladə hal baş verdiyi təqdirdə qarşılıqlı informasiya mübadiləsi və Xəzəryanı dövlətlərin xilasedici qüvvə və vasitələrinin təşkilinə dair tapşırıqlar yerinə yetirilmişdir.  İkinci mərhələ zamanı isə “İri həcmli gəmilərin toqquşması zamanı yaranmış fövqəladə halların qarşısının alınması”, “Xəzər dənizi hövzəsində gəmidə yanğın baş verdiyi təqdirdə insanların xilas edilməsi və yanğının söndürülməsi”, “Potensial təhlükəli obyektdə yanğının qarşısının alınması və kimyəvi tullantıların məhv edilməsi”, “Qazma qurğularında yanğının söndürülməsi” və “Daşqın bölgəsindən insanların və əmlakın xilas edilməsi” üzrə tapşırıqlar icra olunmuşdur. Təlimin ikinci mərhələsində, həmçinin qəza-xilasetmə avadanlıqlarının sərgisi də keçirilmişdir.

Təlimin sonunda mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşı Qazaxıstan Respublikasının daxili işlər naziri tərəfindən mükafatlandırılmışdır.

Təlimə ümumilikdə 500 nəfər yanğınsöndürən və xilasedici, 78 ədəd xüsusi texnika, 1 təyyarə, 7 helikopter, 4 gəmi, 7 yüksəksürətli xilasedici kater, habelə yanğınsöndürən avtomobillər, dağılmış neftin yığılması üçün avadanlıqlar cəlb edilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və “BE-200 ÇS” amfibiya təyyarəsi də iştirak etmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 iyul 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında saat 11.00-dan Ağdam rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

20-28 iyul 2019-cu il tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq....

Ardını oxu

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatı

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb......

Ardını oxu