Geri

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahının MƏLUMATI

Qəbələ rayonunda yanğının söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir. Söndürmə işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada əsasən quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.

Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün Əməliyyat Qərargahı yaradılmışdır. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Görülən işlər barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mütəmadi məlumatlandırılır.

Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunur. Mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtırlı traktorlar vasitəsilə qoşqulu su çənləri qaldırılaraq söndürmə işləri aparılır. Keçilməz qayalıq hissələrdə yanğının söndürülməsi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Ka-32A” helikopteri vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə desant dəstəsi helikopterlə əraziyə enərək söndürmə işlərinə qoşulmuşdur.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir. 

Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur. 

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

Digər məlumatlar

FHN-in Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

22 noyabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 noyabr 2017-ci il tarixində Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

Ardını oxu