Geri

Fövqəladə Hallar Nazirliyi Xocalı soyqırımı ilə bağlı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 21 fevral 2017-cı il tarixində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Toplantını giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları  tərəfindən reallaşdırılmış Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandıraraq qeyd etmişdir ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirmişdir ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyıqımı barəsində gənc nəslə, xüsusən də kursantlara, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. Nazir müavini Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulamış və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışmışdır. O, əmin olduğunu bildirmişdir ki, Ali Baş Komandanın  rəhbərliyi ilə dədə-baba yurdlarımıza qayıdacağımız gün uzaqda deyil və məhz o gün şəhidlərimizin ruhu şad olacaq.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisəni erməni millətçi ünsürlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğın aksiyası adlandırmışdır. O, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya tarixinə qısa ekskurs edərək bildirmişdir ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.

Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırmışdır. Natiq Xocalı soyqırımının baş verməsində erməni təcavüzkarları ilə yanaşı o zamankı siyasi rəhbərliyin də məsuliyyət daşıdığını bildirmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Elman Nəsirov tarixin dərsləri ilə qiymətli olduğunu vurğulayaraq xalqımızın başına gətirilmiş bu kimi faciələrdən nəticə çıxarmağın vacibliyini nəzərə çatdırmışdır. Xocalı hadisələrinin bütün əlamətlərinə görə beynəlxalq terror aktı olduğunu bildirən deputat bu hadisənin günahkarlarının layiqli cəzalarının alacaqlarına əminlik ifadə etmişdir. 

Çıxışlardan sonra tədbir iştirakçıları İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Soyqırım tarixinin dastanı” tamaşasını izləmişdir. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti"nə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmuşdur....

Ardını oxu