Geri

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Almaniya İnşaat Texnologiyaları İnstitutu ilə həyata keçirdiyi layihənin təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Avropa İttifaqının (Aİ) tikinti standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi” layihəsinin təqdimat mərasimi olmuşdur.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki, Azərbaycanla Avropa İttifaqı arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə mühüm əhəmiyyətə malikdir. “Tvinninq” aləti namizəd ölkələrə Aİ-nın genişləndirilməsi ərəfəsində institusional baxımdan yardım etmək məqsədinə xidmət edir. Ən prioritet sahələrdə mütləq nəticələrin əldə olunması ilə səciyyələnən “Tvinninq” aləti  mövcud problemlərin birgə səylərlə həll edilməsini, spesifik sahələrdə ən yaxşı təcrübənin götürülməsini və mübadiləsini nəzərdə tutur, Aİ-nin norma və standartlarının milli qanunvericiliyə mərhələlərlə daxil edilməsini təmin edir. FHN layihənin icra mərhələlərində inzibati dəstəyini göstərmiş və bu proses davam edəcəkdir.

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Haydrun Tempel çıxış edərək Avropa İttifaqının Azərbaycanla uğurlu əməkdaşlığından bəhs etmiş, bu cür layihələrin hər iki tərəf üçün faydalı olduğunu vurğulamışlar.   

Layihənin rəhbərləri - Almaniya İnşaat Texnologiyaları İnstitutunun nümayəndəsi Gerhard Breytşaft və FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov layihənin komponentləri haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Tvinninq” alətinin öz fəaliyyətində tətbiqinə maraq göstərərək, 2010-cu ildə tvinninq üçün layihə ideyasını təqdim etmişdir. Agentlik tərəfindən irəli sürülən layihə ideyasına görə, tikintidə normativ sənədlərin Avropa standartları ilə uyğunlaşdırılması imkan və dərəcəsinin öyrənilməsi, tikinti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsində Avropa təcrübəsinin öyrənilməsi və ölkənin tikinti sahəsini tənzimləyən mövcud normativ sənədlər sistemindən Avropa standartlarına keçid üçün ilkin şəraitin yaradılması məqsəd kimi qarşıya qoyulmuşdur.

Layihənin icrasına Avropa İttifaqının 5 ölkəsi – Almaniya, Avstriya, Böyük Britaniya, Sloveniya və Latviya maraq göstərərək, öz təkliflərini təqdim etmişlər. Öz potensial və idarəetmə imkanlarına görə, eləcə də Agentliyin fəaliyyəti ilə uyğunluq baxımından “Tvinninq” layihəsi üzrə tərəfdaş ölkə olaraq Almaniya Federativ Respublikası, inzibati tətbiqedici orqan isə Almaniyanın İnşaat Texnologiyaları İnstitutu seçilmişdir. Eyni zamanda, layihənin icrasına Almaniya “Tvinninq” heyəti tərəfindən Latviya ekspertləri cəlb olunmuş, layihəyə federal hökumət tərəfindən inzibati və maliyyə dəstəyi təmin olunmuşdur.

Tərəflər arasında “Tvinninq” müqaviləsi imzalanmış, məqsəd, vəzifələr, komponentlər, fəaliyyət istiqamətləri, büdcə xərcləri müəyyənləşdirilmişdir. Müqavilə imzalandıqdan sonra 2014-ci ilin iyun ayının 2-dən layihənin icrasına rəsmi start verilmişdir. 

Layihənin ümumi məqsədi Avropa İttifaqının tikinti standartlarına keçidin təmin edilməsi və ən yaxşı təcrübənin mənimsənilməsi yolu ilə Azərbaycan Respublikasında tikintinin təhlükəsizliyini və texniki keyfiyyətini yüksəltməkdir. 

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu