Geri

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir
Dəm qazından ehtiyatlı olun (VİDEO)

Son zamanlar qaz cihazlarının  istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır.Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir.

Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlukəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə  birləşməli olan hemoqlobin  bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.

Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü biruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffus mərkəzinin iflici nəticəsində ölüm baş verir.

Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.

Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.

Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa,  böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.

Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı muhitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır.

Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadı havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.         

Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin.

Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin.

Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadı havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.

Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü- özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər.

Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir.

Alın və sinəyə soyuq kompress qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin.

Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.

Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.

Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək massajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.

Unutmayın ki, hər hansı bir fövqəladə hadisə baş verdikdə  “112” qaynar xəttinə  müraciət edin!

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. ...

Ardını oxu