Geri

Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilmişdir

10 may 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təntənəli iclas keçirilmişdir.

İclasda çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, xalqımız qarşısında tarixi xidmətlərindən danışıb. Nazir deyib ki, ötən illərdə olduğu kimi bu il də ümummilli liderin doğum günü əsl ümumxalq bayramının təntənəsinə çevrilib. Azərbaycan bu əziz günü böyük məhəbbət, sonsuz iftixar hissi ilə qeyd edir.

Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən nazir belə bir məqama toxunub ki, ulu öndər 70-80-cı illərdə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atıb. Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri isə bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amil olub.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin dünyanın ən sabit, sosial-iqtisadi cəhətdən böyük sürətlə inkişaf edən ölkəsinə çevrildiyini bildirən nazir vurğulayıb ki, müstəqil Azərbaycan hər ötən gün yeni-yeni uğurlara imza atır. İqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilən Azərbaycan beynəlxalq münasibətlər məkanında öz sözünü qətiyyətlə deyir. Azərbaycanda 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin yaradıldığını xatırladan nazir digər sahələrdə olduğu kimi, bu sahədə də inkişafa nail olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən danışıb. Millət vəkili deyib ki, ulu öndər qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin edib. Ümummilli liderimizin qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçilik ənənələri və bütövlükdə Heydər Əliyev ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yaşayır, uğurla davam etdirilir və möhkəmləndirilir. Azərbaycan Respublikasının özünün xarici siyasətində növbəti dəfə mühüm bir strateji qələbə əldə etdiyini, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini məmnunluqla xatırladan Aydın Mirzəzadə deyib ki, bu üzvlük Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da güclənməsinin bariz ifadəsidir.

Tədbirə yekun vuran Kəmaləddin Heydərov əminliklə söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu