Geri

Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın olmuşdur

Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, aprelin 30-da saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal aidiyyəti dövlət orqanlarının məsul əməkdaşları gəlmişlər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürmüşdür.

Cinayətin törədildiyi yer və meyitlər müayinə olunmuş, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilmişdir.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7, 29, 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.

Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılmışdır. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurorluqda «Qaynar xətt» əlaqə mərkəzi fəaliyyət göstərir.

Əlaqə telefonlarını nəzərinizə çatdırırıq: Qərargah - 498-73-34; «Qaynar xətt» - 498- 20-25; 590-91-15; 590-96-15.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu