Geri

Dövlət Yanğın Nəzarəti Xidməti xəbərdarlıq edir

Yeni il münasibətilə  keçirilən tədbirlərdə, xüsusən də yolka şənliklərində insanların kütləvi şəkildə toplaşmasını, bu tədbirlərdə məktəblilərin, azyaşlıların daha çox iştirak etməsini nəzərə alaraq yanğın təhlükəsizliyi məsələlərinə daha ciddi diqqət yetirilməlidir. Bəzən böyüklər tərəfindən yanğın təhlükəsizliyinə laqeyd münasibət, uşaqların nəzarətsiz qalması, yanğın təhlükəsizliyi qaydalarının müxtəlif formalarda pozulması bayram şənliklərində bədbəxt hadisələrə gətirib çıxarır. Uşaqların yolka şənlikləri zamanı odla dəcəlliyi də yeni il şənliklərinin eyni sonluqla bitməsi ilə nəticələnir. Buna görə də yolka şənliklərini təşkil edərkən yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsini bilmək, müvafiq maarifləndirmə işlərini aparmaq, yanğın təhlükəsizliyi qaydalarına azyaşlılar və məktəblilər tərəfindən əməl olunmasına nəzarət etmək vacibdir.

Mədəni-maarif ocaqlarında, tədris müəssisələrində, digər yerlərdə yeni il yolkası xaricə iki sərbəst çıxış yolu olmaqla, ikinci mərtəbədən yuxarı olmayan, yanmayan arakəsmələri olan otaqlarda qurulmalıdır.

Yolka şənlikləri keçirilən binalar yanğın təhlükəsizliyi ilə bağlı tikinti norma və qaydalarına tam cavab verməlidir. 

Birinci mərtəbədəki ehtiyat çıxış yolu birbaşa küçəyə və yaxud ikinci mərtəbədən qısa dəhlizlə birbaşa pilləkən qəfəsinə çıxmalıdır. Yolka qurulan binaların divarları, üst örtüyü və arakəsmələri odadavamlı olmalıdır. Yolka şənliyi keçirilən otaqların qapıları mütləq çölə açılmalıdır. Gündüz və axşam şənlikləri zamanı qapılar açıq saxlanılmalıdır. Ehtiyat çıxış qapıları üzərində yaşıl elektrik işığı ilə "çıxış" sözü yazılmış göstərici lövhə asılmalıdır. Yolka qurulmuş otaqların yaxınlığındakı dəhlizlərin, foyelərin və sair ehtiyat çıxış qapıları da bu cür işıqlandırıcı göstəricilərlə və tez açıla bilən cəftə ilə təmin olunmalıdır.

Şam ağacı - yolka qurularkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl  edilməlidir. Birinci növbədə yolka-şam ağacı yerə möhkəm bərkidilməlidir. Şam ağacı bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki,  onun budaqları tavana və divarlara toxunmasın. Yolkanı işıqlandırarkən yalnız elektrik cərəyanından və zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunmalıdır. Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır. Yolkada quraşdırılmış elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırma zamanı nasazlıq aşkar edildikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

Yolka işıqlandırılarkən istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik şitinə və yaxud razetkaya qoşulmalıdır. Elektrik naqillərini bir-biri ilə birləşdirdikdə mütləq lehimləmə, presləmə qaynaq etmək üsulundan istifadə edilməlidir. Naqilləri bir-birinə başqa vasitələrlə birləşdirmək qəti qadağandır.  

Bütün bunlarla yanaşı yadda saxlamaq lazımdır ki, şam ağacını - yolkanı işıqlandırarkən elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır.

Unutmaq olmaz ki, yolkanı şamlarla işıqlandırmaq ciddi yanğın təhlükəsi yaradır. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək olmaz. Şam ağacının  tezalışan materiallardan hazırlanmış oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi də olduqca təhlükəlidir. Bu səbəbdən də yolkanı oddanqoruyucu maye hopdurulmamış pambıqla bəzəmək,  budaqlarından tezalışan  materiallardan hazırlanmış oyuncaqlar asmaq, yolkaya bertole duzu  səpmək qadağandır.

Yolka şənlikləri zamanı pambıqdan, tənzifdən, kağızdan və digər tezalışan materiallardan tikilmiş paltarlar geymək olmaz.

Yolkanın quraşdırıldığı otaqlarda atəşfəşanlıq düzəltmək, benqal şamları yandırmaq qadağandır.

 Yolka şənliklərinin  keçirildiyi otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız  gündüzlər keçirilməlidir.

Yolka şənliklərinin  keçirildiyi bütün yerlər dövlət yanğın nəzarəti qurumlarının nəzarətində olmalıdır. Yeni il şənliklərinin təşkilatçıları, onun hər bir iştirakçısı həmin qurumların əməkdaşlarının yaxın köməkçisi olmalı, yeni il yolkası qurulan zaman yanğına qarşı qaydaların yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş halların aradan  qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər.

Yeni il şənlikləri keçirilən yerlərdə texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində olmalı, onlar yanğın cəhətdən təhlükəsiz vəziyyətdə işləməlidirlər. Yolka şənliklərindən əvvəl bütün təhlükəli nasazlıqlar və qəza halları aradan götürülməlidir. Yeni il şənlikləri keçirilən hər bir yerdə baş verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

Yeni il şənlikləri keçirilən müəssisələrdə yanğın təhlükəsizliyinə müəssisə rəhbərləri məsuliyyət daşıyırlar. Müəssisə rəhbərləri tərəfindən  yeni il şənlikləri keçirilən yerlərin yanğın təhlükəsizliyinə məsul şəxs ayrılmalı,    yolka şənliyi keçirilərkən sinif rəhbərləri, müəllimlər, tərbiyəçilər yanğın təhlükəsizliyi  və yanğın zamanı təxliyə tədbirləri ilə  əlaqədar təlimat almalıdırlar. Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Yolka şənlikləri zamanı aşağıdakılar qadağan olunur:

- otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;

 - atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən və digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;

-  tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi;

- oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;

 -  tamaşa vaxtı zalın işığının tam söndürülməsi;

- nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;

- yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.

Unutmaq olmaz ki, yalnız göstərilən qaydalara ciddi riayət etməklə yolka şənliklərini bədbəxt hadisələrsiz keçirmək olar.



Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu