Geri

FHN-in regional mərkəzlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilmişdir.

FHN Bakı Regional Mərkəzində  azərbaycanlıların  soyqırımının 98-ci ildönümü ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin rəis müavini Tale Şamçıyev bildirmişdir ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımın, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tədbir azərbaycanlıların soyqırımı barədə sənədli filmin nümayişi ilə davam etdirilmişdir.

 Sonra tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Güntəkin Nəcəfli “Azərbaycan və Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırımlar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbirdə qeyd edilmişdir ki, azərbaycanlıların xüsusi amansızlıqla qətlə yetirildiyi bu soyqırımı siyasəti Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmişdir.

İnteraktiv müzakirələr zamanı tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşmüş, faciəni öz gözləri ilə görmüş yaşlı nəslin xatirələrindən misallar gətirmişlər.

FHN Şimal Regional  Mərkəzinin  şəxsi heyəti 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında törətdiyi kütləvi qırğınlar  nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış  “Quba soyqırımı” memorial kompleksini ziyarət etmişdir.

Ziyarət soyqırımı qurbanlarının  əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır.

Tədbirdə çıxış edən natiqlər 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsindən, 10 minlərlə insanın itkin düşməsindən, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  fərmanın əhəmiyyətindən, həqiqətlərin beynəlxalq arenada məqsədyönlü təbliğinin vacibliyindən genış söz açmışlar.

Ziyarətçilər 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaratdığı abidə-muzeyin eksponatları ilə tanış olmuş, qısametrajlı film izləmişlər.

Cənub Regional Mərkəzinin keçirdiyi anma tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin, FHN-in regiondakı digər qurumlarının nümayəndələri iştirak etmişdir.

Əvvəlcə, iştirakçılar azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad etmişlər.

Toplantı soyqırımı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbirdə çıxış edən Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov  1918-ci il martın 31-də erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş azərbaycanlıların soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, XX əsrin ən qəddar və dəhşətli qətliamlarından biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğunu qeyd etmişdir.

Aran Regional Mərkəzində keçirilmiş tədbirdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqləik sükutla yad edilmişdir.

Toplantıda çıxış edən Mərkəzin rəisi polkovnik Azad Zeynalov erməni terror təşkilatları və onların törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermiş, erməni silahlı dəstələri tərəfindən törədilmiş qətliamların bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu diqqətə çatdırmışdır.

Qarabağ Regional Mərkəzində keçirilmiş tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, 1918-ci ilin mart və aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə söhbət açılmışdır. Çıxış edənlər XX əsrin sonlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra bir çox qaranlıq məsələlərə aydınlıq gətirildiyini, məhz ulu öndərin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart gününü Azərbaycanlıların Soyqırımı Günü elan edilməsini diqqətə çatdırmışlar.

Muğan Regional Mərkəzində keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Toplantını giriş sözü ilə açan Muğan Regional Mərkəzin rəisi polkovnik Mehman Axundov erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs etmişdir. O bildirmişdir ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 31 mart 1918-ci il soyqırımı nəticəsində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda  ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Son illər Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillərdir.

Toplantıda qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq on səkkiz ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Sumqayıt Regional Mərkəzində keçirilmiş tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbirdə çıxış edənlər 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 98 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxdığını bildirmişlər. Həmçinin ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə tədbir iştirakçılarına məlumat vermişlər.

Tədbirin sonunda həmin faciə ilə bağlı qısametrajlı film nümayiş olunmuşdur.

Digər məlumatlar

Rayon müşavirəsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Nəsimi Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu

“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib

8 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib. ...

Ardını oxu