Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

30 mart 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Fövqəladə Hallar Nazirliyinin digər qurumları ilə birgə Xəzər rayonundakı 234 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, eləcə də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak etmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Müxtəlif təbii və texnogen fövqəladə hallar və həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları”, mövzularında çıxışlar etmişdir.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları, eləcə də dəm qazı barədə videoçarx nümayiş etdirilmişdir.

Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmiş, səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və yaralıya ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.

Məktəbdə şərti yanğın hadisəsi ilə bağlı verilən xəbərdarlıq siqnalından sonra başlayan təxliyyə üzrə məşq zamanı şagirdlər öz müəllimlərinin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşmışdır.

Təxliyyədən sonra obyekt qüvvələri tərəfindən yanğının söndürülməsi işlərinə başlanılmış, köməksiz vəziyyətdə qalan 2 nəfər içəridən çıxarılmış, onlara ilkin tibbi yardım göstərilmiş, “yaralılar” hadisə yerinə gələn Bakı şəhər Təcili  və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən aidiyyəti üzrə tibb müəssisəsinə çatdırılmışlar.

Daha sonra kimya, radiasiya, mühəndis və yanğın kəşfiyyatı aparılmış, radioloji və kimyəvi fonun norma daxilində olması müəyyən edildikdən sonra axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsinə başlanılmışdır. Bu zaman binada köməksiz vəziyyətdə qalan daha 2 nəfər Kinologiya İdarəsinin itləri tərəfindən aşkar olunduqdan sonra Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xilas edilərək FHN Tibb Xidmətinin tibbi yardım briqadalarına təhvil verilmişdir.Təxliyyə üzrə məşqdən sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunmuş, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, onlardan istifadə qaydaları, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

28 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz rayon Qovlar......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirib

28 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə paytaxtın Nərimanov rayonu 57 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

27 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər......

Ardını oxu