Geri

Şahinlər mübarizədə

May ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 - ci ildönümü  günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Şahin" hərbi idman oyunlarının Respublika final yarışlarına yekun vurulmuşdur. Yarışın keçirilməsində məqsəd orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, yeniyetmələrdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, onları ordu sıralarında və Fövqəladə Hallar Nazirliyinin hərbi və xüsusi birləşmələrində xidmətə hazırlamaqdan ibarətdir.

Final mərhələsinə başlamazdan öncə yarış iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi, məzarı önünə gül dəstələri qoydu, onun ölməz ruhu qarşısında baş əydilər. Sonra Şəhidlər xiyabanında uyuyan soydaşlarımızın məzarları da ziyarət edildi.

Yarışda Ağdam, Ağstafa, Bərdə, Cəlilabad, Daşkəsən, Xətai(Bakı şəhəri), İsmayıllı, Qax, Quba, Qubadlı, Lənkəran, Nəsimi(Bakı şəhəri), Nizami(Bakı şəhəri), Qaradağ, Saatlı, Zaqatala, Zərdab rayonlarının və Şirvan şəhərinin komandaları iştirak edirdi.

Burada yarış iştirakçıları ilk olaraq C. Naxçıvanskinin büstü önünə gül dəstələri qoydular.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Mərasimdə yarışların komandanı, C. Naxçıvanski adına hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Elmar Qasımov, FHN Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin  rəisi, polkovnik Mirzə Əsgərov və Respublika Veteranları Şurasının məsul katibi Ə. İsmayılov çıxış edərək gənc şahinləri finala çıxmaları münasibəti ilə səmimi qəlbdən təbrik etdi, vətənpərvərlik hisslərinin güclənməsində belə yarışların əhəmiyyətindən danışdılar. Ümummilli lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın yaranması və inkişafındakı misilsiz rolundan danışan natiqlər ölkəmizin bütün sahələrdə, eləcə də hərbi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahələrində əldə etdiyi uğurlardan bəhs etdilər, ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın daha yüksək zirvələri fəth etdiyini söylədilər.

Üzünü finalçılara tutan FHN Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərov yarışın mahiyyətindən danışdı və yarış iştirakçılarını finala vəsiqə qazanmaları münasibətilə təbrik etdi. O, 9 may qələbə gününə də toxunaraq dedi: “Azərbaycanın gələcəyi, onun əmin-amanlığı məhz sizin əlinizdədir. Çünki, ölkəmizin Müstəqilliyini və ərazi bütovlüyünü bu gün etibarla qoruyan Şanlı Azərbaycan Əsgəri sabah bu məsuliyyətli estafeti sizlərə verəcəkdir! Bunun üçün sizin hər biriniz ilk növbədə yaxşı oxumalı, ən müasir texnologiyalara yiyələnməli, fiziki cəhətdən hazırlıqlı olmalı, Vətənimizi canınızdan artıq sevməlisiniz”. Çıxışın sonunda polkovnik Mirzə Əsgərov Ulu Öndərin anadan olduğu bu əlamətdar gündə “Şahin”-lərə uğurlar və müvəffəqiyyətlər diləyərək güclülərin qalib gəlməsini arzuladı.

Respublika finalına kursant qutusunun təntənəli marş və mahnı sədaları altında nümunəvi keçidi ilə start verildi. Daha sonra komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər və onlar sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirdilər. Müxtəlif mərhələlərdən ibarət olan yarışda finalçılar fiziki hazırlıq, atəş hazırlığı, ilkin tibbi yardım, fövqəladə hallar və mülki müdafiə hazırlığı, maneələrin dəf edilməsi normativlərinin yerinə yetirilməsində öz cəldliklərini, iradə, dözüm və qələbəyə doğru əzmkarlıqlarını nümayiş etdirdilər. Maraqlı mərhələlərdən biri də Fövqəladə hallar və mülki müdafiə sahəsində normativlərin yerinə yetirilməsi idi. Burada komandalar nüvə partlayışları zamanı hərəkətlər, zəhərli zonanın dəf edilməsi, yaralının zəhərli zonadan çıxarılması kimi sınaqlardan keçdilər.

"Şahin" hərbi-idman və turizm yarışlarının respublika finalında Xətai rayonu 1-ci, Nəsimi rayonu 2-ci, Nizami rayonu 3-cü yerə layiq görüldü. Bu komandalara yarışın sonunda qiymətli hədiyyələr, mülki müdafiə sahəsini əhatə edən mərhələlərdə fərqləndiklərinə görə Qax rayonunun komandasına xüsusi mükafat təqdim olundu.

Digər məlumatlar

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

20-22 noyabr 2019-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında “Açıq Bakı çempionatı” keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsində iştirak ediblər

21 noyabr 2019-cu il tarixində Gəncə şəhərində yerləşən “EMON” otelində Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib...

Ardını oxu

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 noyabr 2019-cu il tarixində Tərtər rayon Qaradağlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu