Geri

“Cəsurlar” gərgin mübarizədə

Hər il keçirilən ənənəvi “Cəsurlar” hərbi-idman və turizm yarışları bu il aprelin 22-23–də Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, KHVTİC Respublika Şurasının birgə təşkilatçılığı ilə yenidən Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirildi. Yarışın keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında və Fövqəladə Hallar Nazirliyinin hərbi və xüsusi birləşmələrində  xidmətə hazırlanması  və turizm hərəkatının  inkişaf etdirilməsindən  ibarət idi.

Yarış iştirakçıları mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklillər qoydular. Sonra Şəhidlər xiyabanında uyuyan soydaşlarımızın məzarları ziyarət olundu.

"Azərbaycanın güclü ordusunun  yaradılması üçün maddi - texniki baza ilə yanaşı savadlı və ixtisaslı zabitlər də lazımdır" fikirlərini söyləmiş ulu öndər Heydər Əliyev yeniyetmə vətənpərvərlərin gələcəyin savadlı zabitləri kimi yetişməsi üçün hərbi liseyin yaradılmasının vacibliyini vurğulamışdır. 1971-ci ildə indi "Cəmşid Naxçıvanski adına hərbi lisey" adlandırılan xüsusiləşdirilmiş hərbi orta məktəbin təsis edilməsi və 1973-cü ildə ona ümumrespublika statusunun verilməsi bu yolda atılan ən mühüm addım oldu. Bura yalnız hərbi təhsil ocağı deyil, həm də hərbi-idman oyunları və təntənəli hərbi mərasimlərin keçirilmə yeridir. Elə bu səbəbdən də "Cəsurlar" hərbi-idman və turizm yarışlarının respublika finalı hər il Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilir.

Yarış iştirakçıları ilk olaraq C. Naxçıvanskinin büstü önünə gül dəstələri qoydular.

Yarışda Abşeron, Ağcabədi, Astara, Balakən, Binəqədi(Bakı şəhəri), Culfa, Göy-göl, Goranboy, Hacıqabul, İsmayıllı, Nəsimi(Bakı şəhəri), Neftçala, Suraxanı(Bakı şəhəri), Şahbuz, Şabran, Yevlax, Zaqatala, Zərdab rayonlarının və Gəncə şəhərinin komandaları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Bundan sonra təşkilatçılar  yarışın keçirilməsi barədə çıxışlar etdilər.

Açılış mərasimində yarışların komandanı, C.Naxçıvanski adına hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Elmar Qasımov, FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik Kamil Bağırov nitq söyləyərək iştirakçılara uğurlar arzuladılar.

FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik K. Bağırov öz çıxışında yarışın əhəmiyyətindən və vacibliyindən danışdı. Respublikada bu oyunlara marağın artmasını konkret faktlarla dilə gətirən polkovnik K.Bağırov belə tədbirlərdə ədalətlilik prinsiplərinin daima qorunduğunu vurğuladı. Çıxışında onu da bildirdi ki, yarışın ən vacib prinsiplərindən biri də təhlükəsizliyin təmin olunmasıdır. Belə ki, hər bir iştirakçı ilk öncə özünün, ətrafında olan komanda yoldaşlarının təhlükəsizliyini təmin etməlidir.

Komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər. Daha sonra komandalar sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirdilər.

Hava küləkli olmasına baxmayaraq yarış gərgin və güzəştsiz mübarizə şəraitində keçdi. Maneələrin dəf olunması, sədlərin keçilməsi kimi normativlərlə zəngin olan yarışın ən maraqlı və çətin mərhələlərindən biri fövqəladə hallar və mülki müdafiə sahəsini əhatə edən 8-ci mərhələ - zəhərli zonanın dəf olunması və 9-cu mərhələ - yaralının zəhərli zonadan çıxarılması mərhələləri idi.

"Cəsurlar" hərbi-idman və turizm yarışlarının respublika finalında Nəsimi rayonu 1-ci, İsmayıllı rayonu 2-ci, Culfa rayonu 3-cü yerə layiq görüldü. Bu komandalara yarışın sonunda qiymətli hədiyyələr, mülki müdafiə sahəsini əhatə edən mərhələlərdə fərqləndiklərinə görə Yevlax rayonunun komandasına xüsusi mükafat təqdim olundu.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu