Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən FHN tərəfindən sel daşqınları baş verən Serbiya və Bosniya -Herseqovinaya göndərdiyi yardımlar bu ölkələrin rəsmi qurumlarına təhvil verilmişdir
20 may 2014-cü il
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən sel daşqınları baş verən Serbiya və Bosniya-Herseqovinaya  humanitar yardım yola salınıb. Hər iki ölkəyə göndərilmiş humanitar yardıma 12  ədəd müxtəlif  həcmli motorlu qayıqlar, 260 ədəd müxtəlif ölçülü çadırlar, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd ədyal, 40  generator, 20 ədəd su pompası, xüsusi kimyəvi bakterioloji şəraitdə istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər  zəruri material və avadanlıqlar  daxildir.

FHN-nin əməkdaşlarının çatdırdığı humanitar yardımı Serbiya Prezidenit Tomislav Nikoliçin xanımı  Dragika Nikoliç və dövlət rəsmiləri qəbul etmişlər. Serbiyanın birinci xanımı keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü bildirmişdir.

Humanitar yardımı təhvil verən Fövqəladə Hallar Nazirliyinin təmsilçisi bildirmişdir ki, bu yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında dost Serbiya xalqına çatdırılmışdır.  

Bosniya-Herseqovinada humanitar yardımı bu ölkənin Prezident Aparatının rəhbəri və milli təhlükəsizlik naziri qəbul etmiş, dost yardımına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Azərbaycan xalqına təşəkkürünü bildirmişlər.

Humanitar yardımların təqdim edilməsi mərasimində Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları da iştirak etmişlər.