Məlumatlar

İNSARAG tərəfindən keçiriləcək beynəlxalq regional təlimə hazırlıq üzrə işçi qrupun görüşü keçirilib

Geri

Cari ilin 3-8 noyabr tarixlərində Bakıda BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan beynəlxalq regional təlimə hazırlıq tədbirləri davam etdirilir. Bu məqsədlə 22 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Askademiyasında təlimə hazırlıq üzrə işçi qrupun görüşü keçirilib.

Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Səhiyyə, Təhsil, Energetika, Maliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura komitələrinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu” ASC, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, BP-Azərbaycan və Qızıl Aypara Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə keçirilən işçi görüş məqsədi təlimə hazırlıq və təlim zamanı fəaliyyət üzrə tədbirlərin birgə müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan Nazirliyin Akademiyasının rəisi general mayor Baba Salayev qeyd olunan təlimin FHN-in Akademiyasında keçiriləcəyini və bu məqsədlə müvafiq hazırlıq tədbirlərinin reallaşdırıldığını  diqqətə çatdırıb, regional təlimin beynəlxalq təcrübənin öyrənilməsi nöqteyi nəzərindən mühüm əhəmiyyət daşıdığını bildirıb.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyev “Zəlzələ hadisələrində cavabvermə tədbirləri” mövzusunda  keçiriləcək təlimin əsas məqsədlərinin əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində fəalyyət planlarının dəqiqləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, təlimdə ölkəmizin müvafiq qurumlarının vəzifəli şəxsləri ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının, Dünya Səhiyyə Təşkilatının, eləcədə xarici ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı nəzərdə tutulub. Natiq eyni zamanda genişmiqyaslı təbii fəlakətlərə dövlət orqanları tərəfindən çevik reaksiya verilməsi, idarəetmə və qarşılıqlı fəaliyyət tədbirlərinin həyata keçirilməsi, beynəlxalq yardımın qəbul edilməsi, beynəlxalq axtarış-xilasetmə komandalarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə tədbirlərin təlim zamanı diqqət yetirilən əsas məsələlərdən olacağını da qeyd edib. Ə.Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində beynəlxalq humanitar əməliyyatlarda iştirak etmək məqsədi ilə axtarış-xilasetmə dəstəsinin yaradıldığını, hazırda həmin dəstənin İNSARAG qaydalarına uyğun olaraq beynəlxalq klassifikasiyadan keçirilməsinə hazırlıq tədbirlərinin həyata keçirildiyini, qeyd olunan təlimin  bu baxımdan xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.

Sonra təlimə hazırlıq, fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə məsələlər geniş müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.