Məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün növbəti kurs keçirilib

Geri

16-17 sentyabr 2019-cu il tarixlərində  Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları, Beynəlxalq hüquq və davranış qaydaları” mövzusunda nöbəti kurs keçirilib.

Kursun əsas məqsədi şəxsi heyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.

Kursun gedişində Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndirici Ofisində humanitar məsələlər üzrə analitik Elgün Tağıyev və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Səbinə Məhbubi-İran, fövqaladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə Beynəlxalq Humanitar Əməliyyatlarda iştiraka dair Beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən mövzularda təqdimatları dinlənilib. Həmçinin beynəlxalq humanitar əməliyyatlarda beynəlxalq təşkilatların rolu, BMT, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin  fəaliyyətinə dair məlumatlar kurs iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkilib.