Məlumatlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi (İNSARAG) taktiki-xüsusi təlim keçirib

Geri

18-19 iyun 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) şəxsi heyətinin iştirakı ilə Nazirliyin Müşfiqabad qəsəbəsində yerləşən Təlim–tədris bazasında taktiki-xüsusi təlim keçirilib. Təlimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumlarının struktur bölmələrinin şəxsi heyəti və texnikası cəlb olunub.

“Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı” mövzusunda keçirilən təlimin məqsədi Dəstənin şəxsi heyətinin İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılmasını təşkil etmək olub. Bundan əlavə, Dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.

18 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri, Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyevin iştirakı ilə dəstənin idarə heyətinə Nazirliyin Mülki Müdafiə Qoşunlarında təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda Beynəlxalq axtarış xilasetmə dəstəsinin təlimatına nəzər salınıb, eyni zamanda digər dövlətlərin praktikası müzakirə olunub.

Təlimin rəhbəri təlimlə bağlı ümumi məlumat verərək bildirib ki, iki gün davam edəcək Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi gündüz saatlarında reallaşdırılacaq. Təlimin rəhbəri şəxsi heyyətə müvafiq tapşırıqlar və tövsiyələr verib.

Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimə start verilib. Bakı şəhərinin Müşfiqabad qəsəbəsində yerləşən Nazirliyin Təlim-tədris bazasının ərazisində, müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib.

Nazirliyin Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi mayor Rəşad Qasımzadə təlimdə milli ələqələndirici şəxs kimi iştirak edib.

Eləcə də gündüz saatlarında beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimin sonunda xatirə şəkili çəkdirilib.