Məlumatlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

Geri

19 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

“Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı zamanı fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimin məqsədi Dəstənin şəxsi heyətinin İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılmasını təşkil etməkdir. Bundan əlavə Dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.

Əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonra Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Eləcə də beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.