Məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Geri
Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin (UN OCHA) Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) Katibliyinin rəhbəri Rudolf Müller və İNSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin beynəlxalq təşkilatlarla, xüsusən də BMT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulamış, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır. BMT-nin Humanitar məsələlərin Əlaqələndirilməsi Ofisinin təşkilatçılığı ilə bu gün Bakıda öz işinə başlayan “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”na uğurlar arzulayan nazir, bu tədbirin də birgə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin BMT-nin müxtəlif qurumları ilə, o cümlədən BMT-nin Hümanitar məsələlərin Əlaqələndirmə Ofisi ilə münasibətlərinin mövcud vəziyyətindən məmnun olduqlarını bildirmiş və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışlar. Birgə əməkdaşlıq çərçivəsində Bakıda təşkil olunan budəfəki kursun FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində böyük rol oynayacağını bildirmişlər.