Məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

Geri

8-11 oktyabr  2018-ci il tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təlimi keçirilmişdir. Serbiya Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir.

38 ölkə və 14 Beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi təlimdə  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idarəetmə, kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qruplarından təşkil olunmuş 17 nəfərdən ibarət Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi də iştirak etmişdir. Nazirliyin əməkdaşları kimyəvi kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları ilə yanaşı təlimin idarə heyətində, koordinasiya mərkəzində və qiymətləndirici qrupda fəaliyyət göstərmişdir.

Serbiya Respublikasının ərazisi üçün xarakterik olan zəlzələ və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin ilk günündə təşkil olunmuş açılış mərasimində Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və NATO-nun Baş katibi Jens Stoltenberg çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.

Təlimin 2-ci günündə Azərbaycan FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları sənaye müəsisəsində şərti baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb edilmişdir. Təlim zamanı dəstənin axtarış-xilasetmə və kimyəvi kəşfiyyat qrupları təyin olunmuş iş sahəsində Türkiyə, Belarus, Ukrayna, Avstrya dövlətlərinin xilasetmə qrupları ilə birgə fəaliyyət göstərərək kimyəvi kəşfiyyatın aparılması və insanların hündürlükdən xilas edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirmişlər.

Təlimin 3-cü günündə Beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları Kosmaj və Keramika yaşayış məntəqələrində Pakistan, İtaliya və Makedonya komandaları ilə birgə radioloji qəzanın nəticələrinin aradan qaldırılması və  altı mərtəbəli yaşayış binasında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqları icra etmişdir.

Təlimin son günündə isə FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları Kosmaj hotelində Gürcüstan, Serbiya, Makedoniya, Rumıniya, Pakistan komandaları ilə birgə radioaktiv mənbənin aşkar olunması və zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi, Qaraşi gölündə isə körpüdən asılı vəziyyətdə qalmış zərərçəkmişin xilas edilməsi, ilk yardımın göstərilməsi və təxliyyə olunması üzrə tədbirləri yerinə yetirmişdir.

Təlim uğurla başa çatmışdır. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.