Məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilmişdir

Geri

30-31 iyul 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Təlim Tədris Mərkəzində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin zəlzələ nəticəsində dağılmış ərazilərdə axtarış-xilasetmə işlərinə hazırlığın təşkil edilməsi və keçirilməsi mövzusunda taktiki-xüsusi təlim keçirilmişdir. Təlim zamanı qarşıya qoyulan əsas məqsədlər ­­­­­­Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarının Beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi, Dəstənin Beynəlxalq axtarış-xilasetmə tədbirlərinə  cəlb edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur. 

Təlim zamanı Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şərti olaraq  yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsinin təşkili, hadisə yerində yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi, Beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməliyyat bazasının və sahə əməliyyatlarının koordinasiya mərkəzinin açılması, hündürlükdən  və dağıntılar altından zərərçəkənlərin xilas olunması üzrə tədbirlər yerinə yetirilmişdir.

Təlimdə əsas səylər şəxsi heyətə axtarış-xilasetmə fəaliyyəti sahəsində beynəlxalq təlimat və tövsiyələrin tələblərinin dərindən  öyrədilməsinə, o cümlədən hadisə rayonuna yürüşün həyata keçirilməsi, əməliyyat bazasının qurulması, axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi zamanı həyat və sağlamlığın qorunması, eləcə də texniki təhlükəsizlik qaydalarına riayət olunması üzrə əməli vərdişlərin aşılanmasına yönəldilmişdir.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.