Tarixdə baş vermiş qəza və fəlakətlər

“Şahzadə Alisa” paroxodunun batması. 3 sentyabr 1878-ci il.

Geri

3 sentyabr 1878-ci il - həmin gün "Qu quşu lələkləri" adlanan yanalma körpüsündə "Şahzadə Alisa" ("Princess Alice") paroxodu sərnişinlərini qəbul edirdi.

Londonda bu paroxod çox məşhur idi. Artıq 2 il idi ki, "Şahzadə Alisa" paroxodu hər gün Temza çayı ilə London körpüsündən Şirner şəhərinədək çay gəzintisi həyata keçirməkdəydi. Paroxod o qədər də böyük deyildi: uzunluğu - 65, eni - 6,1 metr, reyestr tonnajı isə 251 tonn təşkil edirdi. O dövrdə Britaniyada mövcud olan qaydalara əsasən, bu paroxod ən çox 936 sərnişin qəbul edə bilərdi. Lakin, təəccüblü olsa da, paroxodda insanların təhlükəsizliyini təmin etmək üçün cəmi 2 xilasetmə qayığı və 12 xilasedici halqa var idi.

Yerli vaxtla səhər saat 10:30 radələrində göyərtəsinə 700-dən çox ekskursiyaçı almış "Şahzadə Alisa" paroxodu növbəti reysini həyata keçirirdi. Sərnişinlərinin əksəriyyəti qadın və uşaqlar olan və yol boyu bir neçə dəfə dayanaraq əlavə sərnişinlər qəbul edən paroxodun göyərtəsindəki insanların sayı artıq minə çatmaq üzrəydi.

Həmin gün saat 20:00 radələrində paroxod Temza çayı ilə üzən başqa - "Bayvel Kasl" ("Bywell Castle") yük gəmisi ilə qarşılaşır. Gəmilərin rastlaşdığı yerdə Temza çayının eni 5 km yaxın idi.

Həmin dövrdə İngiltərədə gəmilərin çayın forvaterlərində ayrılma qaydaları mövcud deyildi. Gəmilər, yaranan vəziyyətdən asılı olaraq, istənilən bortlardan ayrılıb üzə bilərdilər.

"Şəhzadə Alisa"nın axının əksinə üzdüyünü görən "Bayvel Kasl"ın losmanı, paroxodun sol sahilə yaxınlaşacağını guman edir və öz gəmisini sağ sahilə tərəf istiqamətləndirir. Lakin "Şahzadə Alisa"nın da kapitanı öz gəmisini sağ sahilə yaxın tutmağı qərara alır. Nəticədə gəmilər üz-üzə gəlir. Paroxodun kapitanı sükanı sola döndərəndə artıq çox gec idi: toqquşma qaçılmazdı! Reyestr tutumu təxminən 1500 ton olan yük gəmisinin burnu "Şahzadə Alisa"nın sağ bortuna çırpılır və onun idarəetmə sistemini sıradan çıxarır. Zərbədən sonra "Bayvel Kasl" gəmisinin burnu bir müddət bortda ilişib qalır. Bu dəfə "Bayvel Kasl" gəmisinin kapitanı "Tam geriyə!" komandası verərək növbəti kobud səhvə yol vermiş olur. Gəminin uzaqlaşması ilə, paroxodun korpusuna forştevenin bortda açdığı dəlikdən sürətlə su dolmağa başlayır və o iki hissəyə bölünür. "Şahzadə Alisa" paroxodu Temza çayında batır. Bu faciə cəmi 4 dəqiqə ərzində baş verir.

Paroxodun burun hissəsi batarkən buxar qazanlarının partlaması nəticəsində onlarla insan buxardan yanır, çaxnaşma başlanır. Yüzlərlə insan suda batır. "Bayvel Kasl" gəmisi insanlar batan yerə yaxınlaşır və suya qayıqlar endirir. Lakin çayda axın güclü olduğundan, heç də hamı xilas oluna bilmir.

Ayrı-ayrı dayanacaqlarda paroxoda minmiş sərnişinlərin sayı məlum olmadığından, hadisədə ölənlərın sayı barədə də dəqiq məlumat yoxdur. Həlak olanların axtarışı bir həftə ərzində davam etdirilir, təxminən 630 nəfərin cəsədi sudan çıxarılır. Şəxsiyyətləri naməlum qalanların cəsədləri London yaxınlığındakı qardaşlıq məzarında dəfn olunur.

Faciədən nəticə çıxaran dövlət orqanları tərəfindən Xüsusi Komitə yaradılır. Bu Komitə gəmi səfərlərinin təhlükəsizliyini təmin edən tövsiyyələrin işlənib hazırlanmasını təşkil edir. Bu tövsiyyələr Temza çayında üzən gəmilərin, daha sonra isə - 1899-cu ildə qəbul edilən dənizdə gəmilərin toqquşmasının qarşısının alınması üçün beynəlxalq qaydaların əsasını təşkil edir. Bu qaydalara əsasən, ölçüsündən və üstünlüyündən asılı olmayaraq hər bir gəmi farvaterdə sağ tərəflə hərəkət etməli, çayı kəsən və dönən gəmilər isə özlərinin yaxınlaşma təhlükəsizliyinə görə məsuliyyət daşımalı və digər gəmilərə mane olmamalıdırlar.