Tarixdə baş vermiş qəza və fəlakətlər

Mon-Pele vulkanının püskürməsi. 8 may 1902-ci il.

Geri

Karib dənizində yerləşən Martinika adasının şimalında Mon-Pele vulkanının sonuncu dəfə püskürməsindən 50 ildən artıq vaxt keçmişdi. Həmin adada, vulkandan cəmi 8 km aralıda yerləşən Sen-Pyer şəhərinin əhalisi 1851-ci ildə baş vermiş bu püskürməni zəif hesab edir, 1902-ci ilin aprelində baş vermiş yeraltı təkana, hətta gurultuya belə əhəmiyyət vermirdi. Vulkanın fəallığı isə artmaqda idi.

1902-ci ilin 8 may tarixində yerli vaxtla saat 08:30 radələrində XX əsrin ən dəhşətli təbii fəlakətlərindən biri baş verdi. Vulkan qəflətən püskürdü. Lava, qaz və buxardan ibarət nəhəng boz bulud 150 m/s sürətlə Sen-Pyer şəhərinə tərəf irəlilədi. 700-1000 Co temperaturunda alovlu bulud şəhəri dağıtdı, limanda dayanan 17 paroxodu məhv etdi. Yalnız bir paroxod uzaqlaşaraq, bu fəlakətdən qismən qurtuldu: kapitan və maşinistdən başqa hamı həlak oldu. Anbarlarda saxlanılan zəngin rom ehtiyatlarının alışması da şəhərdə yanğının yayılmasına təkan verirdi. Sen-Pyer şəhərinin təxminən 30 min sakinindən yalnız yeraltı zindana salınmış bir məhbus sağ qalmışdı (bəzi mənbələrə görə 2 nəfər). Şəhərin fauna və florası, demək olar ki, tamamilə məhv oldu.

Lava o qədər qatı idi ki, axmırdı. Sonradan ucubiz qayaya bənzər 375 m hündürlüyündə lava tıxacı - obelisk ucalmışdı. Təxminən bir ildən sonra obelisk dağıldı və vulkan əvvəlki şəklini aldı.

Hazırda Sen-Pyer şəhəri qismən bərpa edilib, Mon-Pele dağının ətəyində isə vulkanizm muzeyi yaradılıb.